4007b188-2544-48f3-b7a3-c6884cd02fe1..jpg

Paytaxtda saxta iş elanlarının sayı artır: Günahkar kimdir? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 849 dəfə baxılıb.

Paytaxtda saxta iş elanlarının sayı artır: Günahkar kimdir? – ARAŞDIRMA + FOTO

Son vaxtlar paytaxt ərazisində çoxlu sayda iş elanlarına rast gəlinir ki,
böyük əksəriyyəti saxtadır. Çoxu da əsasən də dayanacaqlarda və əhalinin sıx
yerlərində yerləşdirilir. İş axtaran bəzi şəxslər də bu elanlardakı
şirnikləşdirici sözlərə aldanaraq, qeyd olunan əlaqə nömrəsi ilə əlaqa
yaradırlar.

Üstəlik, onların ofislərinə gedir və iş danışıqlarına başlayır, üzərindəki son
manatını da depozit kimi ödəyir.

Ofis işçisi isə pulu ondan aldıqdan sonra yaxın vaxtlarda yenidən
çağıracaqlarını bildirərək yola salır. Bu cür şirkətlər onlarla belə şəxsləri
aldadır, qurduqları tora çəkir və lazım olan vəsaiti topladıqdan sonra isə yoxa
çıxırlar.

Bu kimi hallar Bakı şəhərində dəfələrlə baş verib və çox sayda insan belə
saxta elanların qurbanına çevrilib.

Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan sosioloq Üzeyir Şəfiyev
bildirib ki, bu tipli elanların heç də hamısı safniyyətli deyil:

“Onların böyük əksəriyyəti dələduzlar tərəfindən tərtib olunur və
işaxtaranların aldadılmasına xidmət edir. Bu tip elanların küçələrdə olması
etik baxımdan da diskomfort yaradır. Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi (DMA), bu sahədə
fəaliyyət göstərən QHT-lər və müvafiq qurumlar bununla mübarizə işlərini həyata
keçirsinlər. Ona görə ki, belə bir səliqəsiz ortamda elanların olması hüquqi
məsuliyyəti azaldır. Yalnız hadisə baş verdikdən sonra hüquq-mühafizə orqanları
araşdırma aparmağa başlayır, bu da artıq gec olur”.

Müsahibimiz belə elanların çoxunda anormal təkliflərin və şərtlərin
yazıldığını da diqqətə çatdırıb:

“Əsasən iş axtaranların qadın, yaşının da az olması kimi tələblər qoyulur,
üstəlik geyim tərzinə müdaxilə olunur. Baş verənlərin təhlili göstərir ki,
aldananların və qurbanların sayı kifayət qədərdir. Belə halların aradan
qaldırılması üçün bu sahənin bir qədər səliqəyə salınmasına ehtiyac var. Eyni
zamanda, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır”.

Belə elanların yayılması niyə dələduzluq sayılmır?

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, elanın küçələrdə və dayanacaqlarda
yerləşdiriməsində hüquqi cəhətdən heç bir problem yoxdur:

“Hətta internet resurslarında da yerləşdirilə bilər və bu, heç bir məsluliyyət
yaratmır. Əslində reklamın yerləşdirilməsi ödənişli olmalıdır. Belə ki,
sahibkar əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etməli və
ödəniş həyata həyata keçirməlidir. Əgər ödəniş etmədən və razılaşma olmadan
belə reklamlar yerləşdirirsə, o zaman bunun günahı BŞİH-dədir. Ona görə ki,
belə hallar bağlı araşdırma aparmır və səbəbləri müəyyən etmir”.

Hüquqşünasın fikrincə, əgər vətəndaş da elan əsasında göstərilən ünvana
gedirsə, bu, artıq onun inanması ilə bağlıdır:

“İş burasındadır ki, ortada elan verən şəxslə müraciət edən şəxs arasında
depozitin verilməsi ilə bağlı müqavilə imzalanması və ya imzalanmaması məsələsi
var. Əgər müqavilə varsa, o zaman vətəndaş diqqətli olsun və şərtlərə baxsın.

Əgər şərtlərdə vətəndaşın ödədiyi depozitin müqabilində şirkət onun işlə təmin
olunması üçün axtarışın edilməsi ilə bağlı müddəa əks olunubsa, amma iş yeri
tapılmayıbsa, “biz heç nə edə bilməyəcəyik və pulu da qaytarmayacağıq” – cavabı
verilirsə, deməli burada qanunsuzluq yoxdur. Ancaq tərəflər arasında müqavilə
bağlanmayıbsa, o zaman bu, vətəndaşın aldadılmasıdır və vətəndaş da bununla
bağlı aidiyyatı orqanlara şikayət edə və pulun qaytarılmasını tələb edə bilər”.

Onun sözlərinə görə, elan verən sahibkar vətəndaşdan pul alırsa, əvəzində qəbz
və ya kassa-mədaxil orderi verməlidir:

“Çünki sahibkardır və pulu qəbzsiz ala bilməz. Əgər vətəndaşdan pulu
kassa-mədaxil çeki olmadan alırsa, artıq bu, dələduzluq faktıdır və vətəndaşın
şikayət etmək hüququ var”.

Source link