Pensiya sistemində yenilik: Yığılan vəsaitin hamısını götürə biləcəyik, amma…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı
müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın
sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan
vəsaitlərin məbləği nəzərdə tutulur.
Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər.
İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə
edə bilərlər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində
vətəndaşa təqdim edilir. Aylıq pensiya məbləği orta aylıq əməkhaqqının illik
artımına uyğun indeksləşdirilir.
Ancaq bəzi insanlar pensiya kapitalından tam yararlanmaq istəyirlər.
Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə
etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Ekspertlər deyir ki,
yaxın gələcəkdə Azərbaycanda yaradılacaq özəl pensiya fondları vasitəsilə
pensiya kapitalını birdəfəyə götürmək mümkün ola bilər.
Yəni insanlar məcburi dövlət sosial haqqı ilə bərabər özəl pensiya fonduna da
vəsait ödəyə və əlavə pensiya kapitalı yarada biləcəklər. Azərbaycanda
vətəndaşların məcburi dövlət sosial haqlarının bir hissəsini dövlət ödəyir.
Ancaq özəl pensiya fondu yaradılacağı təqdirdə vəsaiti özü ödəməlidir. Bəzi
dövlətlərdə özəl pensiya fondunda ödənişlərin bir hissəsini də dövlət ödəyir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun sözlərinə görə, özəl
pensiya fondlarının yaradılması ilə bağlı normativ sənədlər üzərində iş gedir.
Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov özəl
pensiya fondlarının müsbət cəhətləri olduğu kimi çətinliklərinin də olduğunu
söyləyib:
“Dövlət Sosial Müdafiə Fonduna məcburi ödəniş həyata keçirilir. Çünki
qanunvericilikdə bu, belədir. Əgər vətəndaş özəl pensiya fondu vasitəsilə də
yığım həyata keçirmək istəyirsə, əlavə ödəniş də etməli olacaq. Bəli, özəl
pensiya fondlarının üstünlükləri var. Amma belə çətinlikləri də mövcuddur. Yəni
vətəndaşda seçim hansı formada olacaq? Dövlət Sosial Müdafiə Fonduna məcburi
sosial ödənişlərin həyata keçirilməsi üçün əlavə vəsait varmı ki, özəl fond
üçün də həyata keçirsin?”.
Qeyd edək ki, hazırda işləyənlərin məcburi dövlət sosial haqları əməkhaqqının
25 faizi həcmindədir. Dövlət sektorunda işləyənlər əmək haqqının 3 faizi, özəl
sektorda işləyənlər isə 10 faizi həcmində sosial sığorta ödəyirlər. Vətəndaşlar
əgər özəl pensiya da almaq istəyirlərsə, bunun üçün əlavə ödəniş etməli
olacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri
Elşad Məmmədov isə AzTV-yə söyləyib ki, özəl pensiya fondları gələcəkdə ölkə
iqtisadiyyatında öz rolunu artıra bilər:
“Gələcəkdə müvafiq resurs təminatı olduqdan və infrastrukturla əlaqədar özəl
pensiya fondlarının menecmenti ilə bağlı beynəlxalq və yerli standarlar təmin
edilərsə, düşünürəm ki, özəl pensiya fondlarının həm yığım, həm investisya
baxımdan rolu ölkə iqtisadiyyatında və ölkənin sosial həyataında artmış olacaq”.