3d83404e-6a73-4cce-91ad-bfe941356ae0..jpg

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 433 dəfə baxılıb.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə
olacaq? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin
təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya
yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə
gətirir.

Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlara
əsasən, vəfat edənlərin 33 min 157 nəfəri kişilərdir. Vəfat edən kişilərin 47,8
faizi və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişiblər. Başqa
sözlə, ümumilikdə kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan vəfat
ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyul ayından etibarən Azərbaycanda kişilər 65
yaşından sonra pensiyaya çıxırlar. Statistikadan da göründüyü kimi, kişilərin
böyük əksəriyyəti pensiya yaşına çatmadan dünyalarını dəyişirlər.

Nəzərə alaq ki, bəzi hallar istisna olmaqla, Azərbaycan qanunvericiliyinə
əsasən, pensiya yaşına çatmadan ölənlərin hesabına yığılan pensiya kapitalı
varislərə qaytarılmır. Eyni zamanda, ölkəmizdə həm işləyənlərin, həm də yüksək
məbləğdə pensiya kapitalı yığanların böyük əksəriyyəti kişilərdir. Ona görə də
problem çox ciddidir.

Bəs, görəsən, yaranmış vəziyyətdən çıxış yolu nədən ibarətdir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Pensiya sisteminin bir çox boşluqları var

Sosioloq Elçin Bayramlının fikrincə, ölkədə kişilərin təxminən yarısının
pensiya yaşına çatmadan vəfat etməsi ciddi siqnaldır: “Əhalinin, xüsusən də
kişilərin yarıya yaxını pensiya ala bilmir. Faktiki olaraq dövlət uzun illərdir
insanlardan sosial sığorta haqqı tutur, amma insanların yarısı o pulu ala
bilmir. Halbuki o vəsait həmin şəxsin qanuni puludur”.

“Ölüm hallarının statistikası təhlil edilməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın
sədri, professor Elşad Məmmədov hesab edir ki, ilk növbədə pensiya yaşına
çatmayan insanların ölüm hallarının statistikası təhlil edilməlidir:
“Təəssüflər olsun ki, bu kimi məsələlərdə daha çox pensiya yaşının azaldılması
ilə bağlı təkliflər irəli sürülür. Amma iş yerlərində əmək şəraitinin
yaxşılaşdırılması, səhiyyə infrastrukturunun inkişafı məsələlərinə toxunulmur.
Əslində aparıcı ölkələrin statistikasına nəzər salsaq görərik ki, həmin
ölkələrdə 70-75 yaşında insanların əksəriyyəti əmək qabiliyyətli olurlar. Onlar
üçün işləmək daha sərfəlidir, hüquqları olsa belə, pensiyaya çıxmaq istəmirlər.
Bizdə isə iqtisadiyyatın strukturu hələ o səviyyəyə çatmayıb ki, pensiyaçıların
sosial hüququ daha da genişləndirilsin”.

Professor vurğulayıb ki, Azərbaycanda tətbiq olunan sistem yığım pensiyasıdır.
Yəni vətəndaş nə qədər vəsait toplayırsa, həmin məbləğə uyğun pensiya alır:
“Təbii ki, əməkhaqqı yüksək olarsa, bu kimi məsələlər avtomatik həllini
tapacaq. Əgər iqtisadiyyatın strukturu dəyişərsə, hətta pensiya yaşına çatan
vətəndaşlarımızın çoxu işləməyə üstünlük verəcək. Səhiyyə sahəsi də inkişaf
etdirilməlidir. Ölüm hallarının əksəriyyəti məhz insanların çoxunun keyfiyyətli
səhiyyə xidmətindən yararlanmağa imkanının çatmaması ilə bağlıdır”.

Pensiya kapitalı varislərə qaytarıla bilər, amma…

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, pensiya yaşına çatmadan
ölənlərin hesabına yığılan kapitalın varislərə qaytarılması indiki halda mümkün
deyil: “Ümumiyyətlə, pensiya yaşı müəyyən edilərkən Dövlət Sosial Müdafiə
Fondunun imkanları nəzərə alınır. Eyni zamanda, vətəndaşların əmək fəaliyyəti
dövründə ödədikləri sosial sığorta haqları, onların pensiya kapitalı, iş
stajları və sair də nəzərdən keçirilir. Vətəndaş çalışdığı dövrdə sosial
sığorta haqqı ödəməklə özünə pensiya kapitalı yığır. Bu da elə təşkil
olunmalıdır ki, vətəndaşın vaxtilə ödədiyi sığorta haqları onun pensiya
məbləğinə kifayət etsin, hansısa çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə
dotasiya ayırmaq mümkün olsun. Təbii ki, pensiya yaşına çatmadan vəfat
edənlərin kapitalının varislərə qaytarılmasını hər kəs arzulayar. Lakin reallıq
başqadır. Amma bu, gələcəkdə mümkün ola bilər”.

Vəfat edən şəxsin pensiya kapitalı necə istifadə olunur?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin
müdiri Rəşad Mehdili bununla bağlı sorğumuza cavab olaraq bildirib ki,
vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından
qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna
bilər: “Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta
haqlarında istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya
yaşına çatdıqda əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və digər
hallarda həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına
çatmamışdırsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməmişdirsə fərdi
şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir. Həmin şəxs
vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun
öhdəsində olan ailə üzvlərinə – 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək)
övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı
əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin
funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına,
qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə
(valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə
başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda
ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin
əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da
şamil olunur”.

Source link