Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondunun yaradılması əhali arasında
geniş müzakirələrə səbəb olub.
Cixisyolu.com xəbər verir ki, bununla bağlı iqtisadçı alim, millət vəkili Vüqar
Bayramov sosial şəbəkə hesabında vətəndaşları maraqlandıran suallara cavab
verməyə çalışıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,
qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox
normativ hüquqi akt layihəsi hazırlanır.
Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?
Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə
vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:
“Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız
dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya
məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın
Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa,
vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl
pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn, 300 manat
almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa
yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği
demək olacaq. Bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox
önəmlidir. Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq
və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın
formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl
pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının
həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı.
Ona görə də, mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi
vacibdir. Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata
keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük
Britaniya, İrlandiya, Türkiyə və sairə ölkələrdə belə fondlar fəaliyyət
göstərir”.