Pensiyaların orta aylıq məbləği 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 faiz artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb.
O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.
2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.
İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib.
Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində özünü göstərən artım dinamikası cari ilin ötən dövründə də hər ay üzrə pensiyaların elə həmin ay daxilində, hətta Novruz bayramının keçirildiyi mart ayında bu ödənişlərin vaxtından daha tez olmaqla bayrama qədərki dövrdə maliyyələşdirilməsinə imkan verib.
Azərbaycan Respublikası prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib.
Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib.
Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir.
Onu da bildirək ki, 01 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.
Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə ( 525,6 manat) nisbəti 46,5 % təşkil edir.