57343721-6c94-40b5-9092-96da3133dfc6..jpg

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var – FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol kənarlarında, köşklərin yanında, insanların sıx olduğu küçələrdə
peraşki satılan yerləri tez-tez görürük. Nəinki yerlər, şəhərin küçələrində bu
yağlı qidanı plastik qablarda satanlara da rast gəlmək olur. Peraşki bir çox
insanların ayaqüstü yediyi ucuz və doyumlu qida növüdür. Satılma şəraitinə
baxmayaraq, bəh-bəhlə tərifləyənlər, dadından doymayanlar az deyil.

Bəs küçələrdə, toz-torpaqlı yerlərdə satılan peraşkilərin insan sağlamlığı
üçün hansı riskləri var? Ümumiyyətlə, ziyanlıdırmı? Ən əsası, onlara nəzarət
varmı?

“Kaspi”

qəzetinin növbəti məqaləsi sözügedən problemə həsr olunub.

Peraşkilər boyat məhsullardan hazırlanır

Adının açıqlanmasını istəməyən aşpaz deyir ki, əksər yerlərdə peraşkilər
boyat, köhnə məhsullardan hazırlanır: “Məsələn, əgər kartof peraşkisi
bişirilirsə, hər gün yeni kartof qaynadılmır, kartoflar əvvəlcədən soyulur,
qaynadılır, soyuduculara yığılır. Alver kütləvi olmadığı üçün həmin kartoflar
günlərlə soyuducuda qalır. Peraşkinin xəmiri də eyni qaydada hazırlanır, boyat
olur. Eyni yağdan dəfələrlə istifadə edilməsi isə, hər kəsə məlumdur”.

Malın baş ətini çəkir, qiymə hazırlayırlar

Aşpaz deyir ki, ət peraşkisi kartofdan təhlükəlidir: “Qoca mal əti ucuz olur.
Bununla yanaşı, adətən satılmayan ətlər dəyərindən ucuz verilir. Ən çox alınan
isə, malın baş əti olur. Malın baş ətini çəkir, qiymə hazırlayırlar. Məsələn,
ətin qiyməti 10 manatdırsa, keyfiyyətsiz, satılmayan əti beş manata verirlər.
Müəyyən yerlər var ki, qalmış ciyərlər satılır, onu alıb sirkəyə yatızdırır və
istifadə edirlər. Ona görə də yol qırağında satılan peraşkilər keyfiyyətsiz və
zərərli olur. Peraşkinin ətri elədir ki, hər kəsi özünə cəlb edir. Amma
yedikdən sonra çox insan mədəsində o ağırlığı hiss edir. Barmaqla sayılacaq
qədər az yerlər var ki, keyfiyyətli peraşki bişirirlər. Ona görə də insanlara
peraşki alarkən satılan məkana, təmizliyinə baxıb almalarını məsləhət görürəm”.

Hansı qidalar təhlükəlidir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Kaspi” qəzetinə açıqlamasında
bildirdi ki, yol kənarlarında, açıq havada satılan əksər qidaların
bişirilməsində keyfiyyətli məhsullardan istifadə olunmur: “Belə qidalar insan
sağlamlığı üçün yararsız olan və ciddi fəsadlar törədən yağlarla bişirilir. Bu
təhlükə daha çox peraşki, blinçik, ponçik kimi qızartma məhsullarda var. Çünki
bu məhsullar qızardılarkən istifadə olunan yağlar atılmır, təkrar istifadə
olunur. Hətta bişirilən qablar təmizlənmədən növbəti günün məhsulları da o
qabda hazırlanır. Tərkibi pozulan yağ və təmizlənməyən qabda bişən qidalar
insanlar tərəfindən bəh-bəhlə tükədilir”.

Mütəxəssis deyir ki, belə məhsulların açıq havada, açıq şəkildə satılması
ikinci problemdir: “Çünki açıq satılan məhsullar külək vasitəsilə fiziki
çirklənməyə məruz qalırlar. Ona görə də bu kimi qidaların qəbulu çox
təhlükəlidir”.

Ətri ilə insanları cəlb edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, peraşkilər
açıq havada əvvəlki kimi, kütləvi şəkildə satılmır: “Əsasən, avtobus
dayanacaqlarında tez-tez satılırdı. Ən çox da avtobus sürücülərinin sevimli
qidası idi. Peraşki elə bir qida növüdür ki, ətri ilə insanları cəlb edir. Uzun
müddət idi ki, peraşki biznesi ölkədə məşhur idi. Amma getdikcə, sayı azalır.
Bu, çox yaxşı haldır. Hazırda şəhər mərkəzindən kənarda, rayonlarda peraşkilər
yol kənarında satılır”.

Tester kağızlardan istifadə olunmalıdır

Birlik sədri də vurğulayır ki, yol qırağında satılan peraşkilər insanların
sağlamlığı üçün kifayət qədər zərərlidir: “Bu peraşkilər eyni yağın içində
dəfələrlə qızardıldığı üçün, o yağların tərkibi dəyişir və trans yağlara
çevrilir. Bu yağlar da insanda xərçəng, mədə-bağırsaq, ürək-damar
xəstəliklərini yaradır və inkişaf etdirir. Bu bizneslə məşğul olanlar yağın
tərkibini müəyyən etmək üçün xüsusi tester kağzılarından istifadə etməlidirlər.
Əgər yağın tərkibi dəyişibsə, həmin tester kağızlarını yağa batırdıqda rəngini
dəyişir. Bu zaman o yağdan istifadə etmək olmaz. Amma Azərbaycanda hansı
peraşki satılan yerlərdə bu kağızlardan istifadə olunur? Bu qidanı bişirib
əhaliyə satmaq, əlbəttə ki, insanların sağlamlığında ciddi izlər qoyur”.

Nəzarət də aşağı səviyyədədir

Həmsöhbətimiz iddia edir ki, yol qırağında satılan peraşkilərə nəzarət də
aşağı səviyyədədir: “Bu bizneslə məşğul olanlar Azərbaycan hökumətinin biznes
qurmaq üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər. İnsanlar tədricən
zəhərlənir, xəstəliklərə yoluxurlar. İnsanlara səslənirəm ki, əgər canlarının
qədrini bilirlərsə, belə yerlərdən mal alıb istehlak etməsinlər”.

ÜST bu məhsulların ləğv olunmasını tövsiyə edir

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım
milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr
– trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və
kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə
çağırıb. ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar
xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən doqquzunda
profilaktika siyasəti düzgün həyata keçirilmir. Bu ölkələrə Avstraliya,
Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya
daxildir.

Source link