7724744c-a7ff-403f-b3fe-57c774cc2916..jpg

Perinatal Mərkəzdə dörd körpənin ölümündə təqsirləndirilənləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS RƏYİ + FOTO

Baxış sayı: 484 dəfə baxılıb.

Perinatal Mərkəzdə dörd körpənin ölümündə təqsirləndirilənləri hansı cəza
gözləyir? – HÜQUQŞÜNAS RƏYİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində (PHŞ) baş vermiş
yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati
binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş
Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını
pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və
314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri
ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.

Məsələ ilə bağlı Cixisyolu.com-a açıqlama verən hüquqşünas Turan Abdullazadənin
sözlərinə görə, “Respublika Perinatal Mərkəzi”ndə baş verən yanğın bədbəxt
hadisədir:

“Dörd uşağın ölümü faciəvi bir haldır. Bununla bağlı Azərbaycan Respublikası
Baş Prokurorluğu istintaq idarəsində fakta görə cinayət məcəlləsinin iki
225.3-cü və 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayət məcəlləsinin
225.3-cü maddəsində yanğın təhlükəsizlik qaydalarını pozmağına görə cəzalar
nəzərdə tutulub.

Cinayət məcəlləsinin 225.3-cü maddəsində qeyd olunub ki, üzərinə yanğın
təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu
qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır
nəticələrə səbəb olduqda müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olmaqdan
məhrum edilməklə üç ildən altı ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır”.

T.Abdullazadə qeyd edib ki, eyni zamanda Azərbaycan Respublikası Cinayət
məcəlləsinin 314.3-cü maddəsində səhlənkarlıq əməlinə görə cəzalar nəzərdə
tutulub:

“Cinayət məcəlləsinin 314.3-cü maddəsinə görə ehtiyatsızlıqdan iki və daha
artıq şəxsin ölümünə səbəb olduqda üç ildən yeddi ilədək müddətdə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır. Vəzifəli şəxsin işə laqeyd münasibəti
nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada
yerinə yetirməməsi, fiziki və hüquqi şəxslərin mənafelərinə və dövlətin və
cəmiyyətin qorunan mənafelərinə zərər vurulmasına səbəb olduqda və bu əməllər
ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda üç ildən yeddi
ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Fakta görə başlanmış cinayət işi üzrə ittiham aktı tərtib olunub, məhkəməyə
göndərilərsə və məhkəmədə də həmin təqsirləndirilən şəxslərin təqsiri sübuta
yetirilərsə, bu zaman məhkəmə tərəfindən cinayətlərin məcmusu üzrə cəza təyin
edilə bilər.

Cinayət məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə
məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək az ciddi cəzanı daha
ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya
qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

Yəni təqsirləndirilən şəxslər müəyyən olunarsa və həmin şəxslər bu iki maddə
üzrə ittiham olunarsa, gələcəkdə də onların təqsiri sübuta yetirilərsə, bu
zaman bu iki maddə üzrə cəzalar tamamilə və ya qismən toplanaraq yekun qəti
cəza təyin edilə bilər”.

Nəzrin Vahid

Source link