c3531841-f818-4c4f-ae74-ab3d283d7c4e..jpg

Peter Dunai: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir” – MACARISTANDAN MÜSAHİBƏ

Baxış sayı: 813 dəfə baxılıb.

Peter Dunai: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir” –
MACARISTANDAN MÜSAHİBƏ

Azərbaycan və Türkiyə fəal şəkildə “enerji diplomatiyası”nı davam etdirirlər.
Ötən həftə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu
görüşü və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin
birinci görüşündə Azərbaycan və Macarıstan arasında Anlaşma Memorandumu
imzalandı. Azərbaycan Prezidentiİlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd
“komandamıza daxil olan ölkələrin sayını artırır”. Öz növbəsində Macarıstan
xarici işlər naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb ki,
Macarıstan Azərbaycanın köhnə dostudur və hazırda Macarıstanın əsas
məqsədlərindən biri Azərbaycan təbii qazının bu ölkənin bazarına çatdırılmasını
təmin etməkdir. Bundan əlavə, 2023-cü il fevralın 14-15-də İstanbulda Qaz
Sammiti keçiriləcək. Tədbir Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması ilə
bağlıdır. Ankara isə qovşağın tam fəaliyyətə başlaması üçün sürətləndirilmiş
şəkildə infrastruktur hazırlıqlarını davam etdirir.

Macarıstanlı jurnalist və analitik Peter Dunai Cixisyolu.com
-a müsahibəsində Azərbaycanın Avropanın
enerji layihələrində və Türkiyənin qaz qovşağında böyük rolunu qeyd edib.

– Əvvəlcə onu deyim ki, Macarıstan fevralın ortalarında Türkiyədə keçiriləcək
Qaz Sammitində iştirak edəcək. Macarıstan və bütövlükdə Avropa İttifaqı üçün bu
olduqca maraqlı layihədir. Azərbaycan burada üçlü rol oynayır. Birincisi,
Azərbaycan “Şahdəniz” qaz yatağından enerji resurslarının tədarükçüsü kimi
çıxış edir. Bakı hər il Avropaya milyardlarla kubmetr qazın verilməsini təmin
edir. İkincisi, Azərbaycan Səngəçal terminalından başlayaraq qaz kəmərləri
sisteminin fəaliyyətini təmin edir. Yeri gəlmişkən, mən orada olmuşam, bilirəm
ki, bu, nəhəng bir tikilidir. Azərbaycan təkcə təbii qaz hasilatı üçün deyil,
həm də onun Avropaya nəqli üçün hər imkana sahibdir. Üçüncü məqam isə ondan
ibarətdir ki, Azərbaycan özü regional mərkəzə çevrilir. Bildiyim qədərilə,
Xəzərin dibi ilə Transxəzər boru kəmərinin çəkilməsinə nail olunarsa,
Qazaxıstan və Türkmənistandan qazın və həmçinin də ola bilsin, neftin boru
kəməri sisteminə qoşulması planları mövcuddur. Macarıstan buna çox perspektivli
layihə kimi baxır, onun həyata keçirilməsi Azərbaycana enerji resurslarını
Mərkəzi Asiyadan Türkiyəyə və daha sonra digər Avropa ölkələrinə nəql etməyə
imkan verəcək.

Türkiyə beynəlxalq mərkəzə çevrilməyə hazırlaşır və buna da tam haqqı var.
Təbii qaz həmçinin Rusiyadan da tədarük olunacaq və nəticədə Rusiya
Federasiyasından, Azərbaycandan, Mərkəzi Asiyadan və s. gələn mavi yanacaq
qarışımı yaranacaq. Bizim üçün bu çox yaxşıdır, çünki daha çox resurslar ortaya
çıxır. Bu, Macarıstan və Avropa İttifaqına enerji təhlükəsizliyinə dair təminat
verir.

Aİ-nin üzvü olan Macarıstan qovşaq rolunu oynayacaq, Serbiya, bəlkə də,
Rumıniya ərazisindən boru kəmərləri Avstriya istiqamətində ölkəmizdən keçəcək.
Vyana isə Qərbi Avropanın qaz mərkəzidir ki, biz artıq ona qoşulmuşuq. Şərqi və
Mərkəzi Avropa inkişaf etmiş boru kəmərləri şəbəkəsi ilə xarakterizə olunur.
Qərbi Avropanın təbii qaza ehtiyacı var. Ukraynadakı müharibə səbəbindən Rusiya
qazının bu istiqamətdə nəqli dayananda bu, Avropa, ilk növbədə Almaniya
sənayesinə ciddi zərbə oldu və məhsullarda bahalaşma ilə nəticələndi. Amma
Amerika malları ucuz enerji resursları sayəsində daha rəqabətqabiliyyətli oldu.
Bu, qlobal sistemdir.

– Bu günlərdə Prezident İlham Əliyev tərəfindən Budapeştdə danışıqlar
keçirildi və Azərbaycanla Macarıstan arasında iki ölkə arasında
genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı. Belə
bir təəssürat yaranır ki, Macarıstan Azərbaycan üçün Aİ-də ən yaxın siyasi
tərəfdaşlardan biridir. Budapeşt hər zaman Azərbaycan Respublikasının ərazi
bütövlüyünü dəstəkləyib…

– Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bizi çox şey bağlayır ki,
bu, hətta gündəlik həyat və düşüncə tərzində də özünü göstərir. Macarlar türk
dünyası ilə bağlılığı olan şərq xalqıdır. Bizim üçün bu, tarixi faktdır. Bizim
Azərbaycana baxışımız isə anlayış, dostluq və rəğbət hisslərini əks etdirir. Bu
baxış təkcə siyasi sahəyə deyil, insani münasibətlərə də şamil olunur.

Bütövlükdə Macarıstanın siyasəti çoxfaktorlu və çoxvektorludur. Biz Avropa
İttifaqının və NATO-nun bir hissəsiyik, lakin bu, bizim Şərq tərəfdaşlarımızla,
ilk növbədə Azərbaycanla dostluq münasibətlərimizə mane olmur.

– Macarıstan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də əlaqələri inkişaf
etdirir. Macarıstan bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü. Və maraqlısı
odur ki, Macarıstanın xarici işlər naziri Peter Siyartonun Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi
bu təklif həm Qərbdə, həmçinin də Rusiyada bir çox siyasi ekspertlər tərəfindən
qərəzlə qarşılandı. İnanılmaz birlik…

– Bu çox maraqlı sualdır. Qərbin tənqidindən başlayaq. Türkiyə 1987-ci ildən
NATO-nun üzvüdür və Aİ üzvlüyünə namizəddir. Lakin Avropa heç cür ölkəni Aİ-yə
qəbul etməyə cəsarət etmir və bu da Ankara ilə Brüssel arasında gərginlik
yaradır. Türkiyə çoxvektorlu siyasət yürüdür ki, bu da hər kəsin ürəyincə
olmaya bilər. Ankara Kiyevlə və müəyyən mənada da Moskva ilə əməkdaşlıq edir.
“Taxıl sazişi”ni və təşkil olunmuş dəhlizi xatırlayın. Axı bu, Türkiyənin
fəaliyyətinin nəticəsidir və bu da çoxvektorlu siyasət sayəsində mümkün olub.
Eyni zamanda Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər
mürəkkəbdir, çünki Moskva Tehranla dostluq edir, İranın nüvə proqramı isə Qərbi
çox narahat edir. Bundan əlavə, İran Rusiya Federasiyasına pilotsuz təyyarələr
tədarük edir ki, onlar da Ukraynadakı müharibədə istifadə olunur. Öz növbəsində
Ankara Ukraynaya pilotsuz təyyarələr satır, lakin eyni zamanda Rusiya ilə hərbi
əməkdaşlıq edir. Beləliklə də bütöv bir “gərginlik yumağı” ortaya çıxır.
Çoxlarının birmənalı hesab etmədiyi, əslində isə çoxvektorlu olan Türkiyə
siyasəti həm Qərbdə, həm də Şərqdə belə reaksiyaya səbəb olur.

Bir vacib faktı da qeyd etmək istəyirəm: Azərbaycan və Türkiyə müttəfiqdirlər.
Buna baxmayaraq, Bakının Moskva ilə yaxşı münasibətləri var. Azərbaycan, məncə,
burada Türkiyə Respublikası ilə Rusiya arasında vasitəçi kimi çıxış edir.

Nair Əliyev

Source link