Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinə məxsus 980 min manatı
mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın məhkəmə araşdırması yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
iclasda hökm oxunub.
Zərifə Abbasova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan
tədbiri seçilmişdi. Məhkəmənin ilk iclasında da onun sərbəst mühakimə
edilməsinə qərar verilmişdi.
Amma bir neçə iclasdan sonra xanım müttəhim məhkəmədən gizlənib. O, həbsli
axtarışa verilib. Üstündən 7 ay keçməsinə baxmayaraq, onun yerini müəyyən etmək
mümkün olmayıb.
Bugünkü prosesdə prokuror Orxan Səmədov çıxış edərək məhkəmədən qiyabi qaydada
ittihamedici hökm çıxarılmasını, üzərinə həbs qoyulmuş əmlakın müsadirə
edilməsini istəyib.
Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Z.Abbasova qiyabi
olaraq 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun evi ziyanın ödənilməsinə
yönləndirilmək məqsədilə müsadirə edilib.
Qeyd edək ki, mühasib işləyən Zərifə Abbasova 2017-2022-ci illər ərzində
Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə
saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı
kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməkdə
ittiham edilir. İstintaq materiallarında yazır ki, Z.Abbasova nümayəndəliyin
rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından
istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək
sənədlərə möhür vurub, onların yerinə imzalar atıb. Bundan sonra o,
nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz
bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün
xərcləyib.
Z. Abbasova məhkəmədə özünü qismən təqsirli bilib. O, 983 min deyil, 50 min
manat mənimsədiyini etiraf edib.