Piyadanı öldürən avtobus sürücüsünə hökm oxundu

Piyadanı öldürən avtobus sürücüsünə hökm oxundu

Baxış sayı: 3. 118 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Saatovun (1977-ci il təv.) CM-nin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il sentyabrın 14-də Hakim Saatovun 39№i marşrut üzrə idarə etdiyi “Daewoo” markalı avtobus A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Günel Əskərovanı vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

 Ölüm faktına və sürücünün hadisə yerindən qaçmasına görə Yasamal RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində H.Saatov həmin gün şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi məlum olub. 

Məhkəmə prosesində Hakim Saatov ittiham üzrə özünü təqsirli bilib. İfadəsində paytaxtda fəhlə işlədiyini, ara-bir avtobus sürdüyünü bildirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

C.H.
www.ÇıxışYolu.Com