Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci ilin 4 aprelində qurulub və elə həmin ildə də hər iki ölkədə səfirliklər açılıb. Şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətləri ilk olaraq tarixi yaranan əlaqələrə söykənir. Bu münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirmək olar. Sözsüz ki, Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın köklü maraqlarına cavab verir.
ÇıxışYolu.Com xəbərinə görə, bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Moskovskiy Komsomolets” nəşrinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Bizim dövlətlərin liderləri Vladimir Putin və İlham Əliyev arasındakı şəxsi əlaqələr və etibarlı münasibətlər iki ölkənin maraqlarına xidmət edir və hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli əsas yaradır.
Hər iki ölkə nəqliyyat yollarının və yüklərin çatdırılması vasitələrinin diversifikasiyasına sadiqdir, əldə olan imkanların genişləndirilməsi üçün nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı ilə bağlı effektli tədbirlər görülür”, – Polad Bülbüloğlu bəyan edib.
Səfir həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regional tərəfdaşlıq üçün böyük maneədir.
“Azərbaycan tərəfi hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərdindən biri olaraq Rusiya Federasiyası münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həlli üçün maksimum səy göstərəcək”.