“Polad Həşimov posta gəldi və düşmənə qarşı vuruşmağa başladı” – FOTO

Baxış sayı: 693 dəfə baxılıb.

“Polad Həşimov posta gəldi və düşmənə qarşı vuruşmağa başladı” – FOTO

“Tovuz döyüşləri zamanı düşmənin xeyli sayda əsgər və zabitini məhv etdik”.

Bunu “Report”un döyüşlərin baş verdiyi postlara ezam olunan əməkdaşına
müsahibəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Faiq Abdıyev deyib.

O, 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində iştirak edib və
yaralanıb.

F.Abdıyev bildirib ki, yarası sağaldıqdan sonra Vətənin keşiyində qürurla
xidmətini davam etdirir:

“Həmin gün məlumat gəldi ki, düşmənin diversiya qrupu bizim ön xətdəki
mövqelərimizə hücuma keçib. Onlar iriçaplı silahlardan atəş açmağa başladılar.
Dərhal verilən tapşırığa əsasən, həmin yüksəkliyə getdik və döyüşlərə qoşulduq.
Döyüşlər zamanı düşmənin xeyli sayda əsgər və zabiti məhv edildi. Çox
təəssüflər olsun ki, həmin döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanları –
general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, digər yüksək rütbəli
zabit və əsgərlərimiz şəhid oldular. Bu hadisələr bizi daha da qəzəbləndirdi və
onların intiqamlarının alınması üçün düşmənə daha da sarsıdıcı zərbələr
endirməyə başladıq. Döyüşdə yaralandığım üçün sona qədər vuruşa bilmədim. Lakin
hərbçi yoldaşlarımdan aldığım qələbə xəbəri mənim daha tez sağalmağıma təkan
verdi. Şükürlər olsun ki, müalicə aldığım hospitalda göstərilən tibbi
yardımlardan sonra tam sağaldım və yenidən hərbi qulluqçu olaraq böyük qürurla
Vətənimin keşiyindəyəm”.

Azərbaycan Ordusunun baş leytenantı Akşin Alıyev də Tovuz döyüşlərinin
iştirakçısı olub. Milli qəhrəmanlarla çiyin-çiyinə vuruşan zabit deyib ki,
həmin hadisələr onun yaddaşına tarixi bir zəfər kimi həkk olunub:

“Döyüş zamanı ermənilər mövqelərimizi, dinc sakinlərin yaşadığı kəndlərimizi
iriçaplı silahlardan və minaatanlardan atəşə tuturdular. Dərhal adekvat cavab
tədbirləri görüldü və düşmənə ciddi zərbələr endirdik. Ağır döyüşlərin getdiyi
anda Milli Qəhrəman, general-mayor Polad Həşimov və digər zabitlərimiz də həmin
mövqelərə gəlmişdilər. Təəssüflər olsun ki, iyulun 14-də düşmənin açdığı atəş
nəticəsində yüksək rütbəli zabit və gizirlərimiz şəhid oldular. Buna
baxmayaraq, heç bir əsgər və zabitin ruh düşkünlüyü olmadı. Döyüş yoldaşlarımız
qisas və nifrət hissi ilə düşmənin ön və arxa hərbi təminat hissələrinə ağır
zərbələr endirərək onların xeyli sayda texnika və canlı qüvvəsini məhv etdilər”.

“Ermənilər düşünürdülər ki, yüksək rütbəli hərbçilərimizin şəhid olması bizdə
ruh düşkünlüyü yaradacaq. Lakin onlar Tovuz döyüşlərində anladılar ki,
Azərbaycan Ordusunun döyüş ruhunu əlindən almaq mümkün deyil. Bunu 44 günlük
Vətən müharibəsi dövründə də sübut etdik. Vətən müharibəsinin açarı olan Tovuz
döyüşlərinin iştirakçısı olmaqla, Milli Qəhrəmanlar – Polad Həşimov, İlqar
Mirzəyev və orada şəhid olan digər hərbçi yoldaşlarımızla birgə savaşdığım üçün
hər zaman qürur duyuram”, – zabit vurğulayıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Əmiraslanov da Tovuz döyüşlərində
qəhrəmanlıq göstərib. O, Milli Qəhrəman Polad Həşimovun və digər
hərbçilərimizin şəhadətə ucaldığı həmin anı heç bir zaman unutmayacağını deyib:

“İyulun 12-si saat 14 radələrində düşmən iriçaplı mərmilərlə mövqelərimizi
atəşə tutmağa başladı. Həyəcan siqnalı ilə döyüşə atıldıq və ermənilərə qarşı
adekvat tədbirlər gördük. Nəticədə onlar ciddi itkilər verdilər. İyulun 13-də
general-mayor Polad Həşimov da döyüş mövqeyinə gəldi və bizimlə çiyin-çiyinə
düşmənə qarşı vuruşmağa başladı. Bu, bizim üçün böyük qürur hissi idi. Onların
şəhid olması isə bizdə düşmənə qarşı nifrəti daha da artırdı”.

O söyləyib ki, Azərbaycan Ordusu böyük qisas hissi ilə döyüşə atılaraq
şəhidlik zirvəsinə ucalan hərbçilərin qanını yerdə qoymayıb: “Vətən
müharibəsinin başlanğıc nöqtəsi olan bu döyüşlər heç bir zaman unudulmayacaq.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə
ordumuzun şücaəti Tovuz döyüşlərindən sonra düşmənə növbəti bir zərbə oldu.
Ermənilər ordumuzun gücünü bir daha görmüş oldular”.

Azərbaycan Ordusunun kapitanı Yaşar Alıyev bildirib ki, Tovuz döyüşləri
Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, Milli Qəhrəmanların şəhid
olduğu mövqedə hərbi xidmətini davam etdirdiyi üçün böyük qürur hissi
keçirdiyini deyib:

“Düşmən təxribat törədərək mövqelərimizə soxulmağa cəhd elədi, müxtəlif
silahlardan atəş açmağa başladı. Hərbçilərimizin ayıq-sayıqlığı ilə düşmənin
diversiya qrupu geri otuzduruldu. Atışma isə davam edirdi. Çox keçmədi ki,
general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və
digər yüksəkrütbəli hərbçilərimiz də döyüş mövqeyinə gəldilər. Bu, bizi çox
ürəkləndirdi. Onların əsgərlərlə çiyin-çiyinə düşmənə qarşı döyüşməsi ruh
yüksəkliyimizi daha da artırdı. Çox təəssüflər olsun ki, həmin şəxslər düşmən
təxribatının qarşısını alarkən şəhid oldular. Buna baxmayaraq, biz döyüşdən bir
an belə olsa, çəkilmədik və düşmən mövqelərini, canlı qüvvələrini məhv etdik”.

Qeyd edək ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq,
Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun
mövqelərini atəşə tutub. Ermənistan ordusunun bölmələri daha sonra
mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam
edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı
qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin gün qarşı tərəf dövlət
sərhədində irimiqyaslı təxribata əl atıb. Amma Ermənistan ordusunun bu
təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzədək hərbi qulluqçusu məhv
edilib.

Tovuz döyüşlərində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor
Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov,
baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş
Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan
baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam
Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki
şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla
general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycan Milli
Qəhrəmanı adı verilib.

Source link