Polis əməliyyat keçirdi: Külli miqdarda pirotexniki vasitələr aşkarlandı –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki
vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində
əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə
Gürcüstan Respublikasından ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli
anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat
məlumatı daxil olub. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində
pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham
Zakiroğlu saxlanılıb.
Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu
ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın
müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdan satışını
təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş
qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effektləri ilə təchiz
olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış
qiyməti 300 min manatdan artıqdır.
Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən insanların
sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr
insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif
dərəcəli yanıqlara yol aça bilər.