Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən
sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport
Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən
qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb.
Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit
kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də
Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən
edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən
protokol tərtib edilib.
Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov
barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən
tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi
vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.