Polisin “saxla” əmrinə tabe olmayan sürücü hakim qarşısına çıxarılır –
YENİLƏNİB + ANBAAN VİDEO
Polisin “saxla” əmrinə dəfələrlə tabe olmayan sürücü hakim qarşısına
çıxarılacaq.
Bununla bağlı Cixisyolu.com-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli qeyd edib ki, paytaxtın
Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə
“saxla” əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına
ciddi təhlükə yaratmağa davam edib.
“Yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə
pozan sürücü saxlanılıb, lakin saxlanıldıqdan sonra da polis əməkdaşlarına
qarşı tabesizlik göstərib. Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə
təhvil verilib. Onun barəsində toplanmış material isə hüquqi qiymət verilməsi
üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə
məlumat təqdim ediləcək”.
Qeyd edək ki, Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, polisə və digər
avtomobillərə ciddi təhlükə törədən sürücü Sumqayıt sakini Nicat Həsənlidir. O,
Sumqayıt və Bakı arasında taksi sürücüsü kimi fəaliyyət göstərib.
10:10
Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücü digər avtomobillərə ciddi
təhlükə törədib.
Cixisyolu.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, 77-EY-438 dövlət qeydiyyat nömrə nişanlı, “Ravon R3”
markalı avtomobil hərəkətin aktiv olduğu yolda polisin “saxla” əmrinə tabe
olmayaraq, təhlükəli manevrlər edir.
Qəza vəziyyəti yaradan sürücü yol polisi əməkdaşlarının səyi nəticəsində
saxlanılıb.
Hadisənin görüntülərini təqdim edirik:
Aysel Aslan