85986ade-0808-4062-9f12-c93c6ef44ac3..jpg

Politoloq: “Azərbaycan Tacikistanın su və enerji sektorlarının inkişafında mühüm rol oynaya bilər”

Baxış sayı: 820 dəfə baxılıb.

Politoloq: “Azərbaycan Tacikistanın su və enerji sektorlarının inkişafında
mühüm rol oynaya bilər”

“Azərbaycan qlobal karbohidrogen bazarının aparıcı iştirakçılarından biri kimi
həm Tacikistanda, həm də bütün Mərkəzi Asiyada su və enerji sektorlarının
inkişafında mühüm rol oynaya bilər”.

Bunu “Report”a açıqlamasında tacikistanlı politoloq, “İpək Yolu –
Konsolidasiya Yolu” Milli Fondunun sədri Abduqani Mamadazimov deyib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın qonşu
Mərkəzi Asiyada, o cümlədən Tacikistanda fəallaşmasının vaxtı yetişib:

“Ölkələrimiz arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq üçün xeyli
sahələr var”.

A.Mamadazimov qeyd edib ki, karbohidrogenlərdən təmiz “yaşıl enerji”yə keçid
dövründə Azərbaycanın Tacikistanda su elektrik stansiyalarının tikintisinə
yatırdığı investisiyalar hər iki tərəfin maraqlarına cavab verir.

Politoloq gələcəkdə Tacikistanın elektrik enerjisinin Azərbaycan vasitəsilə
avropalı alıcılara çatdırılacağına ümid etdiyini vurğulayıb:

“Avrasiyanın əlverişli kəsişmə nöqtəsində yerləşən Azərbaycan perspektivli
“Düşənbə-Şimali Pamir-Kaşqar” dəmir yolu marşrutunun texniki-iqtisadi
əsaslandırmasının işlənib hazırlanmasında və onun tikintisində də fəal iştirak
edə bilər. Bu da Azərbaycanı birdəfəlik transkontinental Avrasiya mərkəzinə
çevirəcək”.

Onun sözlərinə görə, Azərbaycanın Tacikistanın neft emalı sektoruna daxil
olması da hər iki ölkənin maraqlarına cavab verir.

Ekspert ölkələr arasında humanitar əməkdaşlıq mövzusuna da toxunub:

“Perspektivli Tacikistan-Azərbaycan əlaqələrinin dərinləşməsinin əsasını bizim
ümumi “yumşaq gücümüz” – böyük poeziya və yüksək ədəbiyyata həvəs, həmçinin
keçmiş dahi mütəfəkkirlərimizin yaradıcılıq tarixinin birgə öyrənilməsi təşkil
edir. Böyük İpək yolunun irsi və onun tədqiqi həm də qardaş ölkələrimizin
alimləri arasında əməkdaşlıq üçün perspektivli sahədir”.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana
dövlət səfəri başa çatıb. Səfər çərçivəsində dövlətlər arasında 14 sənəd
imzalanıb.

Source link