Ermənistanın ekspert icması son zamanlar tez-tez Türkiyənin Naxçıvan ərazisindən zərbələr endirə biləcəyi ilə bağlı ehtimallar irəli sürür. Digər tərəfdən, heç kimə sirr deyil ki, Naxçıvanın hərbi imkanlarını Azərbaycan müstəqil şəkildə genişləndirib.
Naxçıvan ərazisindən Ermənistana hücum ehtimalının nə dərəcədə real olduğu və müharibənin gözlənilib-gözlənilmədiyi ilə bağlı sualları ÇıxışYolu.Com-a verdiyi müsahibədə Milli Məclisin deputatı Rasim Musabəyov cavablandırıb.
– Son zamanlar ermənistanlı ekspertlər Türkiyənin lazım gələrsə, Ermənistana Naxçıvan ərazisindən qoşun yeridəcəyi ilə bağlı fikirlər səsləndirir. Erməni ekspertlərin bu iddiasını necə qiymətləndirirsiniz?
– Bu, tam cəfəngiyatdır. Bəli, Azərbaycan, həqiqətən, Naxçıvanda öz silahlı qüvvələrini möhkəmləndirib. Əgər əvvəllər ermənilər Naxçıvandan əks-zərbədən qorxmadan bütün qoşunlarını Azərbaycanın işğal altında olan ərazilərinə göndərə bilərdisə, indi onlar Azərbaycanın hər an Naxçıvan ərazisindən əks-hücum edəcəyindən çəkinir.
Onlar Gəncəyə raket zərbələri endirə biləcəkləri ilə bizi hədələyəndə, başa düşməlidirlər ki, Yerevanı yaylım atəş sistemləri ilə vurmaq daha tez başa gələn və daha effektivdir.
Ancaq Türkiyənin Azərbaycana kömək etməsi məsələsinə gəldikdə, Türkiyənin buna tam qanuni haqqı var. Belə ki, Naxçıvanın statusu müəyyən edilən zaman belə razılaşma olub ki, ermənilər ora “burunlarını soxmaq” fikrinə düşsələr, orada təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin əsgərləri ilə üzləşəcəklər.
– Ermənistanın KTMT-nin üzvü olduğunu və Rusiya ilə aralarında ikitərəfli sıx münasibətlərin olduğunu nəzərə alsaq, Azərbaycanın müharibə baş verəcəyi təqdirdə birbaşa olaraq Ermənistan ərazilərinə zərbələr endirməsi ehtimalı nə dərəcədə realdır?
– Ermənilər yaxşı bilir ki, təkbətək Azərbaycanla bacara bilməzlər. Bu, mümkünsüzdür. Ona görə onlar nəzərdə tutublar ki, Azərbaycan ərazisinə Ermənistan ərazisindən raket zərbələri endirəcəklər və ya raketləri işğal altında olan ərazilərimizə daşıyıb, oradan zərbə endirəcəklər. Ancaq hazırda onlar bunun qarşılığından qorxur, cavab zərbəsi isə, əlbəttə ki, olacaq.
Əvvəllər onlar bundan sığortalandıqlarını və Azərbaycanın zərbə endirəcəyi təqdirdə Naxçıvana daxil olacaqlarını, Rusiya ordusunun isə KTMT və ikitərəfli sazişlərin şərtlərinə uyğun olaraq Ermənistan ərazilərini qoruyacağını düşünürdüsə, indi onlarda şübhələr yaranmağa başlayıb.
Onlar anlayırlar ki, Azərbaycan ərazilərində daima müharibə apara bilməyəcəklər, bu, onlarda alınmayacaq. Rusiyanın onlara verdiyi raketlərdən istifadə etmək fikrinə düşsələr, əlbəttə ki, bunun layiqli cavabını alacaqlar.
– 2018-ci ildə gərginliyin artması gözlənilirmi?
Azərbaycan və Ermənistanda seçkilərdən sonra tərəflər arasında məhsuldar danışıqlar başlamasa, hərbi əməliyyatların, böyük ehtimalla, bərpa olunacağını gözləyirəm.
R.Q.
www.ÇıxışYolu.Com