Rusiya müttəfiq ölkələrdə keçirilən aksiyalar və hökumət dəyişdikdən sonra bu dövlətlərin onun düşməninə çevrilməsi vəziyyəti ilə ilk dəfə qarşılaşmır.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Baku Network” ekspertlər birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov Rusiyadan anti-Ermənistan çağırışlarını şərh edərkən deyib.
“Belə vəziyyət Gürcüstanda da baş vermişdi. Ukraynada da münaqişədən sonra eyni hal yaşandı.
Ermənistanda baş verən hadisələr onu göstərir ki, o da yaxın vaxtlarda anti-Rusiya respublikasına çevriləcək”, – politoloq deyib.
“Bəli, Ermənistanda Rusiya bazası var. Bəli, Ermənistan Rusiya ilə müharibə aparacaq gücdə deyil. Ermənistandakı hadisələrin arxasında Qərb dövlətləri dayanır. Bu isə Rusiya üçün narahatlıq səbəbidir.
Ancaq Ermənistanda cüzi anti-Rusiya əhval-ruhiyyəsi bu ölkə üçün acınacaqlı nəticələrə gətirib-çıxara bilər.
Aprel döyüşlərindən sonra Ermənistandakı vəziyyəti xatırlamaq kifayətdir. Burada rus bayraqları yandırılmış, Rusiya səfirliyi yumurta atəşinə tutulmuşdu.
Ona görə də Moskvanın Ermənistanla bağlı narahatlıqları əsaslıdır”, – ekspert qeyd edib.
Ələsgərov bildirib ki, Ermənistanın tarix boyu Rusiya himayəsi altında olduğunu unutmaq olmaz.
Əli Məmmədov
www.ÇıxışYolu.Com