Politoloq: İran regionda heç bir münaqişəyə başlamayacaq

Baxış sayı: 2. 859 dəfə baxılıb.

Politoloq: İran regionda heç bir münaqişəyə başlamayacaq

Ötən gün İranın ali milli təhlükəsizlik şurası Vyanda 2015-ci ildə 5+1 qrupu ilə bağlanmış nüvə sazişi üzrə bəzi öhdəliklərinin icrasının dayandırılmasına qərar verib. Rəsmi Tehran bu qərarla bağlı Almaniya, Böyük Britaniya, Çin və Rusiya səfirlərinə müvafiq bildiriş göndərib.

Tehran eyni zamanda nüvə proqramı üzrə koordinator kimi Avropa İttifaqnın xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerinini bu haqda məlumatlandırıb.

İran prezidentinin internet səhifəsində dərc olunmuş məlumatda deyilir:

– İran mövcud zənginləşdirilmiş uran və ağır suyun başqa ölkələrə satışının dayandırılmasını nəzərdə tutan iki bəndin icrasını dayandırır. Bu, ABŞ-ın ötən il nüvə sazişindən çıxmasına cavabdır.

– Tehran Nüvə sazişi üzrə danışıqlar üçün Avropa ölkələrinə 60 gün vaxt verib. Bu arada Tehran vurğulayır ki, İslam Respublikası yeni şərtləri müzakirə etməyə hazırdır və sazişdən çıxmaq istəmir;

– Müqavilənin mahiyyəti beynəlxalq sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsi və ondan dinc məqsədlərlə istifadə etməsi ilə bağlı nüvə proqramından imtina etməsində idi.

ÇıxışYolu.Com üçün İslam Respublikasının bu qərarını şərh edən iranlı politoloq Həmidreza Əzizi sazişdən “qismən çıxır” ifadəsinin düzgün olmadığını bildirir.

Belə ki, onun təbirincə, İran nüvə sazişi üzrə bir neçə öhdəliyinin icrasını dayandırsa da, qarşı tərəfin öz öhdəliklərinə əməl edəcəyi təqdirdə, sazişin əvvəlki kimi bütün müddəalarının icrasını bərpa edəcəyini istisna etməyib.

“İran avropalıların öz öhdəliklərini yerinə yetirəcəyini gözləyirdi, ancaq bu baş vermədi və İran müvafiq qərarı qəbul etdi. Əlbəttə ki, İranın bu qərarı İran-Avropa münasibətlərində gərginliklərin artmasına səbəb ola bilər. Avropalılar böyük ehtimalla ABŞ-a əvvəlkindən daha çox meyil salacaqlar”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Avropa tərəfi İranın xəbərdarlıqlarına ciddi yanaşır və həqiqətən Nüvə sazişini qoruyub saxlamağa çalışır, İranın sazişdən iqtisadi faydalarını təmin etmək üçün səylərini artırmalıdır.

“Beləcə, İran və Avropa münasibətlərində yüksək gərginlik hökm sürür, ancaq vəziyyət hələ nəzarətdən çıxmayıb”, – deyə əlavə edib.

ABŞ-ın İran körfəzinə aviadaşıyıcı göndərməsi və müharibə təhlükəsinin olmasına gəlincə ekspert bildirib ki, İran hələ ki hər hansı ciddi gərginliyin və ya regionda müharibə təhlükəsizliyinin olduğunu görmür.

“İran rasional dövlətdir, mədaxil-məxaric məntiqi əsasında addım atır. Bu ABŞ-ın nüvə sazişinin şərtlərini pozmasına Tehranın yumşaq cavabında da özünü açıq şəkildə büruzə verdi. İran tamamilə sazişdən imtina edə və ya  sənədin daha ziddiyyətli müddəalarının icrasını dayandıra bilərdi. Ancaq onların ilk adımı müdrik oldu. Ona görə də ABŞ tərəfinin bəyanatlarına baxmayaraq, İran regionda heç bir münaqişəyə başlamayacaq”, – deyə ekspert vurğulyıb.

Sanksiyalara gəlincə, Əzizi İranın həm daxili iqtisadiyyat, həm də xarici siyasət sahəsində bir sıra mexanizmlər üzərinə çalışdığını, məqsədin sanksiyaların neqativ fəsadlarının aradan qaldırılması olduğunu diqqətə çatdırıb.