Politoloq: Moldovada mövqe mübarizəsi gedir

Baxış sayı: 3. 054 dəfə baxılıb.

Politoloq: Moldovada mövqe mübarizəsi gedir

Moldovada siyasi vəziyyət gərginləşib. Moldovalı ekspertlər və ictimai xadimlər mövcud vəziyyəti hətta Venesuela ilə müqayisə edir; ikili hakimiyyət mövcuddur və hər tərəf özünü legitim hesab edir.

Tarixçi, politoloq və Moldova Respublikası parlamentinin keçmiş deputatı (2010-2014) Zurab Todua ÇıxışYolu.Com-a verdiyi müsahibədə Moldovada inkişaf edən proseslərdən danışıb.

– Moldovada nə baş verir? Bu prosesləri necə qiymətləndirmək olar?

– Moldovada artıq beş gün ərzində davam edən hadisələri 24 fevralda keçirilmiş parlament seçkilərindən sonra inkişaf edən siyasi böhranın nəticəsi hesab etmək olar. Xatırladım ki, seçkilərdən sonra parlamentə üç siyasi qüvvə – hakim Demokratik Partiya (30 deputat və ona tamamilə tabe olan 10 deputat), Sosialistlər Partiyası (35 mandat) və “Acum” (tərc.“İndi” – 26 mandat) sağçı partiyalar bloku daxil olub.

Üç ay ərzində hakim koalisiyanın qurulması üzrə tələsik olmayan danışıqlar gedib. Ən son anda, konstitusiya əsasında belə koalisiyanın yaradılmasına verilən son müddətin başa çatmasına iki gün qalmış Sosialistlər Partiyası və “Acum” bloku ilə ideoloji fikir ayrılıqlarını bir kənara qoyaraq, koalisiya yaratdıqlarını bəyan edib, hər kəsi təəcübləndiriblər. 

Bu, Demokratik Partiya üçün arzuolunmaz sürpriz olub. Halbuki partiya rəhbərliyi hər şeyin nəzarət altında olduğunu güman edirdi. Demokratik Partiyanın planı çox sadə idi: aparıcı qüvvə olmaq şərtilə koalisiya yaratmağa nail olmasalar, növbədənkənar seçkilərə getmək.

Sosialistlər və sağçıların birləşərək yaratdığı koalisiya Demokratik Partiyanın müxalifətə keçməli olduğu anlamına gəlir. Demokratlar isə bunu istəmir. Qarşıdurmanın məğzi də elə bundan ibarətdir.

Burada bir şeyi aydınlaşdırmaq lazımdır. Demokratik Partiya 2009-cu ildən hakimiyyətdədir. Son beş il ərzində Moldovanı təkbaşına idarə edir. Onun lideri oliqarx Vlad Plaxotnyuku bu yaxınlara qədər ölkənin “sahibi” sayırdılar.

Hazırda Demokratik Partiyanın hakimiyyətdən kənarlaşdırılması ilə bağlı real təhlükə yaranıb. Belə bir perspektiv hakim (hələlik) qruplaşmaya xoş gəlmir. Onlar hakimiyyəti əldən verməmək üçün müxtəlif hiylələrə əl atır, bunun üçün Konstitusiya Məhkəməsini, DİN-i, kütləvi informasiya vasitələrini “işə salırlar”.

Bir neçə gün hökumət binası, bəzi nazirliklər və qurumlarda vətəndaş qrupları guya könüllü şəkildə piket edir. Bu insanları ora Demokratik Partiyanın göstərişi ilə yeni Baş nazir Maya Sandu və kabinet üzvlərini öz iş yerlərinə buraxmamaq üçün “qovublar”.

Beləcə, siyasi böhranın kəskin şəkil almasının başlıca səbəbi Demokratik Partiyanın hakimiyyəti əldən vermək və müxalifətə çevrilmək istəməməsidir. İşin iç üzünə gəlincə, onlar korrupsiya qalmaqallarına və müxtəlif sui-istifadə hallarına görə məsuliyyətə cəlb olunacağından çəkinir, hər halda demokratların hakimiyyəti bununla seçilib.

– Moldovada vətəndaş qarşıdurması nə dərəcədə mümkündür və o, nə ilə yekunlaşa bilər?

– Hələlik qeyri-müəyyən qüvvələr balansı qorunub-saxlanılır. Mövqe mübarizəsi gedir. Heç bir tərəf aktiv tədbirlərə keçməyə cürət etmir. Demokratlar hələ də dövlət aparatı, güc strukturları və rəsmi KİV-ə nəzarət edir. Yaradılmış legitim koalisiyanın arxasında əhali və Moldovanın xarici tərəfdaşları dayanıb.

Koalisiya paytaxta öz tərəfdarlarını çağırmaqda qətiyyət göstərmir, çünki vəziyyətin gərginləşməsində maraqlı deyillər və hələ də demokratların sağlam düşüncəni əsas götürüb hakimiyyətdən əl çəkəcəklərinə ümid edirlər. Demokratlar isə vaxtı uzadırlar. Onlar yaxşı bilirlər ki, koalisiyanın və onun yaratdığı hökumətin fəaliyyətinə qol gücünə əngəl olmaq cəhdləri tam fiaskoya uğrayacaq.

Birincisi, Moldovada diktaturaya bel bağlamaq üçün möhkəm güc strukturları yoxdur. İkincisi, münasibətləri bu şəkildə aydınlaşdırmaq təcrübəsi yoxdur. 1990-cı ildən bütün seçkilərdən sonra məğlub tərəf öz yerini qalibə verib.

Demokratik Partiya isə bu ənənəni “sındırmağa” çalışır. Etiraf etmək lazımdır ki, on il ərzində bunun öhdəsindən gələ biliblər. Üçüncüsü, Demokratik Partiyanın və onun liderinin avtoriteti (KİV-in köməyi ilə V.Plaxotnyukun simasında az qala “ulu öndər” obrazı yaratmaq cəhdlərinə rəğmən) kifayət qədər aşağıdır.

Qəhrəman obrazı olmadan hər hansı güc tədbirlərinə əl atmaqdan söhbət belə gedə bilməz. Belə şəraitdə baş verən hadisələrə xarici tərəfdaşların münasibəti xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

– Ölkə xaricindən Moldova hadisələrinə reaksiyanı necə qiymətləndirərdiniz?

– Rusiya, Avropa İttifaqı, Avropa ölkələri birmənalı olaraq Sosialistlərlə ACUM blokunun yaratdığı koalisiyaya dəstək ifadə edir. Vaşinqton öz mövqeyini (hələlik) ikibaşlı ifadələrlə çatdırır. Bu hər iki tərəfin Dövlət Departamentinin bəyanatını öz xeyrinə təfsir etməsinə əsas verib.

Bununla belə, zaman legitim hakimiyyətin xeyrinə işləyir. Moldova indi elə vəziyyətdədir ki, heç bir partiya, heç bir lider xarici oyunçuların fikirlərinə etinasız yanaşa bilməz. Demokratların xalqın iradəsinə tabe olub, müqavimət göstərmədən, ölkəni xaosa sürükləməklə hədələmədən, müxalifətə keçməkdən başqa çıxış yolu yoxdur.

Bu reallığı getdikcə daha çox məmur və dövlət qulluqçusu anlamağa başlayır. 10-11 iyun tarixlərində bir sıra bölgə və şəhərlər (ölkənin cənub və şimalında) yeni koalisiyanı dəstəklədiklərini bəyan edib.

Müxtəlif ictimai və qeyri-hökumət təşkilatları tərəfindən legitim hakimiyyətin qəbul olunması prosesi gedir. Ötən gün bir qrup DİN zabiti parlament və M.Sandu hökumətinə dəstək ifadə edib.

Hər hansı gözlənilməz hadisə baş verməsə və Demokratlar Partiyası avantüraya getməsə, bu qarşıdurmanın aqibəti yaxın günlərdə legitim hakimiyyətin xeyrinə müəyyənləşəcək.

Hər halda, hazırda daxil olan informasiya sağlam düşüncənin hələ də zəfər çalmadığını göstərir. “Fulger” xüsusi təyinatlı polis bölməsi legitim hakimiyyətə dəstək nümayiş etdirmiş bir neçə polis əməkdaşını həbs edib, onların kabinetlərində axtarışlar aparılıb. Vəziyyət gərginləşir…

R.Q.