Politoloq: Moskva Ermənistanda öz nüfuzunu itirib

Politoloq: Moskva Ermənistanda öz nüfuzunu itirib

Baxış sayı: 2. 466 dəfə baxılıb.

Ermənistandakı mitinqlər nəzarətdən çıxdı və onunla nəticələndi ki, Serj Sarkisyan iki seçim qarşısında qaldı: ya nümayişçiləri güllələmək, ya da istefa vermək. Xalqı uzun müddət itaətdə saxlaya biləyəcəyini yaxşı anlayan “qrossmeyster” Sarkisyan bir çox problemləri geridə qoyub istefa verdi.

Ermənistanın daxili problemləri Azərbaycanı maraqlandırmır,  biz yalnız hadisələrin inkişafının Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyindən narahatıq. İndi rəsmi Bakı Ermənistanda yeni hökumətin qurulmasını gözləməli olacaq, sonra hər şey yenidən başlayacaq. 

Cənubi Qafqaz regionunda  ümumi vəziyyətin və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hansı şəkildə inkişaf edəcəyi ilə bağlı ÇıxışYolu.Com-a rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov danışıb.

– Serj Sarkisyanın istefasını necə qiymətləndirirsiniz?

– Ermənistan tarixində yeni epoxa başlayıb; ancaq sözün düzü, hələ ki, bu epoxa aydın deyil.  Birmənalı olaraq, əminliklə bir məsələni qeyd etmək olar: Dağlıq Qarabağın  qanunsuz silahlı və separatçı birləşmələrinin keçmiş səhra komandirlərindən ibarət hərbi xunta, yəni “Qarabağ klanı”nın hakimiyyəti süquta uğradı, bu, bir faktdır.

Erməni xalqı 1999-cu ilin noyabr ayında parlamentdə törədilən terror aktı nəticəsinə hakimiyyəti ələ keçirmiş hərbi cinayətkarlar və beynəlxalq terrorçuların əsarətindən qurtula bildi. Onların yerinə nəyin və ya kimlərin gələcəyini demək hələ çox erkəndir. Hadisələrin inkişafını böyük maraqla izləyəcəyəm.

– Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə necə reaksiya verəcək?

– Tam əminəm ki, Rusiya Ermənistanın daxili siyasi proseslərinə qarışmayacaq. Başlıca olaraq, iki səbəbə görə: birincisi, Moskva artıq çoxdan bu ölkədə öz nüfuzunu itirib və ölkənin Britaniyadakı keçmiş səfirinin prezident seçilməsi bunun bariz nümunəsidir.

İkincisi, hər şey hüquqi müstəvidə baş verəndə, vəziyyət nə qədər əlverişsiz olursa-olsun, Kreml buna heç vaxt müdaxilə etmir.

Serj Sarkisyanın istefası tam legitimdir, o, özü zorakılığa məruz qalmayıb, ona görə də Moskvanın “Kreml” ssenarisi ilə hər hansı addım atmasına heç bir əsas yoxdur.  Bundan savayı, Ermənistanda Moskvanın bel bağlaya biləcəyi hər hansı qüvvə qalmayıb, demək olar ki, rusdilli əhalinin hamısı Ermənistandan köçüb.

Ölkədə yalnız gənclər və kəndlilər qalıb, Rusiya ilə onları birləşdirən heç bir şey yoxdur. Ona görə Rusiya mövcud situasiyaya və inqilaba yalnız diplomatik bəyanatlar və demarşlarla reaksiya verə bilər.

– Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə necə reaksiya göstərəcək? Qarabağ münaqişəsinin həlli prosesində nələri gözləmək olar?

– Əminəm ki, çevrəsi hələlik qeyri-müəyyən olan Ermənistan hakimiyyətinin yeni konfiqurasiyası bir nömrəli məsələ olaraq gündəmə Qarabağ problemini çıxaracaq. Hazırda ölkədə hakimiyyət uğrunda müxtəlif siyasi qüvvələr və onların arxasında duran xarici sponsorlar arasında çəkişmələrin başladığını o dəqiqə sezmək olur. 

Ermənistanda hakimiyyət turbulentliyi hələ bir neçə həftə davam edəcək və bu müddət ərzində Qarabağ haqqında bir kəlmə belə eşitməyəcəyik, əlbəttə ki, Azərbaycan qoşunları işğal altında olan ərazilərin azad edilməsi və “Arsax” adlı terrorçu kvasi-dövlətin məhv edilməsi üçün hərbi əməliyyatlara başlamasa.

Fikrimcə, hazırda Ermənistandakı daxili çəkişmələr ölkənin xarici siyasətinə heç cür təsir göstərmir. Yeni hakimiyyət Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana daha loyal olacaq, nəinki keçmiş hökumət. Serj Sarkisyanın istefasından cəmi bir neçə saat keçib və bu,  hər hansı analitik nəticə çıxarmaq üçün az müddətdir.

– Cənubi Qafqazda hadisələr hansı şəkildə inkişaf edəcək?

– Serj Sarkisyanın istefasından sonra regionda situasiya əhəmiyyətli dərəcədə dəyişməyəcək,  belə ki, Ermənistan “regionun həyatında” ən axırıncı yeri tuturdu. Bu ölkənin daxilində nə baş verirsə-versin, heç bir vəchlə regional düzənə təsir göstərməyəcək, belə ki, onların rəsmi və ya yarımrəsmi bəyanatlarını və addımlarını hər zaman qulaqardına vurmaq olar. 

Bir şeyə mən tam əminəm: Dağlıq Qarabağ cəbhəsində bir neçə gün çox sakit keçəcək, Ermənistan tərəfi artıq böhran deyil, kollaps həddinə çatmış cari daxili siyasi şəraitdə Azərbaycan qoşunlarını cavab tədbirlərinə təhrik etmək istəməyəcək, çünki cavab tədbirləri irimiqyaslı hücum əməliyyatına çevrilə bilər.

R.H.
www.ÇıxışYolu.Com