Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 8-də Azərbaycan ərazisi olan Dağlıq Qarabağa gəldi. Bu, gözlənilən idi. Ermənistan yeni seçilən istənilən prezident və baş nazir ilk olaraq Dağlıq Qarabağa gəlir. Bunun iki məqsədi var.
Birinci məqsəd Ermənistanın yeni liderinin də əvvəlki lider kimi Dağlıq Qarabağa dəstək verəcəyidir.
İkinci məqsəd Azərbaycan torpaqlarının işğalı siyasətini davam etdirəcəyini Ermənistan ictimaiyyətinə göstərməkdir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dilə gətirib.
O deyib ki, 1990-ci illərdən bu yana erməni rəsmilərin bu siyasəti dəyişməyib:
“Ancaq bu siyasət onlardan heç birinə uğur gətirməyib. Azərbaycanla düşmənçilik Ermənistanı fəlakətə aparır. Qarabağ siyasətində Nikol Paşinyanın siyasəti istefaya məcbur etdiyi Serj Sarkisyanın siyasətinin davamıdır.
Nikol Paşinyan Xankəndidə yerli separatçıların lideri Bako Saakyanla görüşdü, daha sonra Şuşanın işğalının 26 ili ilə bağlı mərasimə qatıldı. Bununla Nikol Paşinyan ilk gündən Azərbaycana mənfi siqnal göndərdi.
Nikol Paşinyan baş nazir seçiləndən sonra parlamentdəki çıxışında dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Ancaq bunun ardınca başqa bir cümlə də işlətdi: “Azərbaycan Dağlıq Qarabağla da danışıqlar aparmalıdır”.
Politoloq bildirib ki, Azərbaycan heç zaman Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Azərbaycan torpaqlarını Ermənistan işğal edib və danışıqlar işğalçı ilə aparılır:
“Əgər Bakı Xankəndi ilə danışıqlara başlasa, bu, o demək olacaq ki, torpaqların işğalında Ermənistanın rolu olmayıb. Dağlıq Qarabağın erməni tərəfi danışıqların sonrakı mərhələlərdə iştirak edə bilərlər və bu zaman danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etməlidir.
Nikol Paşinyanın iki yolu var. Əgər Ermənistanın yeni baş naziri sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa, keçmiş lideri və eks-prezident Levon Ter-Petrosyan kimi münaqişənin “mərhələli həll planı”nı qəbul etməlidir.
İkinci alternativ keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın status-kvonun davamıdır. Ancaq Paşinyan bu halda Azərbaycanla yenidən toqquşma ehtimalını nəzərə almalıdır. Yəni Ermənistan gəncləri yenə onlara aid olmayan torpaqlarda ölməyə davam edəcəklər. Bu ölümlər keçmişdə olduğu kimi, Ermənistanda narazılıq yaradacaq. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var.
Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan ilk xarici səfərini Rusiyaya edəcək:
“Onu baş nazir seçilməsi münasibətilə ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu. Rusiya prezidenti Paşinyanı başa salacaq ki, xarici siyasətdə onun manevr imkanları nə qədərdir və Qərblə yaxınlaşma Yerevana hansı problemlər yaradacaq.
Bu arada, Nikol Paşinyan Ankaraya çağırış edərək Türkiyə ilə danışıqlara hazır olduğunu açıqladı. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ankara Paşinyanla dialoq aparmayacaq. Türkiyə XİN son açıqlamasında Ermənistanla münasibətlərin nizanlanması kimi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini Paşinyana izah edib.
Paşinyanın daxili siyasətdə atacağı addımlara onun geniş manevr imkanları yoxdur. O komandasını və proqramını qısa zamanda formalaşdırmalı, islahalatlar aparmalı və sosial durumu normallaşdırmalıdır.
İndiki şəraitdə bunu reallaşdırmaq problematikdir. Ermənistana bu işləri yerinə yetirmək üçün əlavə resurslar lazımdır. Ermənistan bu resurslara malik deyil. Digər tərəfdən, Moskva hələ Paşinyana ehtiyatla yanaşır və ona “güvən” krediti verməyə tələsməyəcək.
Paşinyan küçə vasitəsilə hakimiyyətə gəldi, bu il ərzində Ermənistanın əsas problemlərini həll etməzsə, ona qarşı elə həmin küçədən təzyiqlər artacaq. Bunu istefa verən Ermənistanın artıq keçmiş müdafiə naziri Vigen Sarkisyan da deyib: “Hər şey küçədə həll olunursa, Paşinyanın da gələcək taleyi küçədə həll olunacaq”.
Əli Məmmədov
www.ÇıxışYolu.Com