Politoloq: Rumıniya-Moldova birliyi Azərbaycan-Türkiyə birliyini gündəmə gətirir

Politoloq: Rumıniya-Moldova birliyi Azərbaycan-Türkiyə birliyini gündəmə gətirir

Baxış sayı: 3. 667 dəfə baxılıb.

Rumıniyanın Moldova ilə birləşmək istəyi təbiidir, bir millətdirlər, işğaldan əvvəl bir yerdə olublar, indi də tarixi ədaləti bərpa etmək istəyirlər.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rumıniya parlamentinin Moldova ilə birləşmə yönündə “niyət deklorasiyası” qəbul etməsinin bu iki ölkənin birləşməsinə gətirib çıxarıb-çıxarmayacağına və bunların fonunda uzun illərdən bəri səsləndirilən Türkiyə-Azərbaycan konfederasiyasının daha ciddi, rəsmi şəkildə gündəmə gətirilib-gətirilməyəcəyinə münasibətini bildirərkən deyib.

“Ancaq birləşmənin başlıca şərti hər iki dövlətdə yaşayan xalqların mütləq əksəriyyətinin buna müsbət yanaşmasıdır.

Yəqin ki, gələcəkdə hər iki ölkədə referenduma ehtiyac yaranacaq”, – deyən politoloqun sözlərinə görə, Rumıniya Moldova birliyi istər-istəməz Azərbaycan-Türkiyə birliyini də gündəmə gətirir: 

“Biz bir millətik, doğrudur, Rumıniya-Moldova modelindən fərqli olaraq, yaxın tarixdə eyni dövlətin tərkibində olmamışıq.

Ancaq iki millət son 100 ildə bir-birinə sıx bağlanıb, hətta 70 illik Sovet imperiyası da bu birliyimizi pozmadı.

Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Biz öz Cümhuriyyətimizi Türkiyədən əvvəl qurduq, fərqimiz o oldu ki, qardaşlarımızın Cümhuriyyəti davam etdi, bizim Cümhuriyyəti isə əlimizdən 70 il aldılar”.

Politoloq deyib ki, buna baxmayaraq, hazırda bölgədə yenidən Azərbaycan-Türkiyə ittifaqı formalaşıb. 

“Azərbaycanın torpaqları işğal altındadır.

Ermənistanla məsələni həll etməliyik.

Ancaq Ermənistanın böyük havadarları var və bizi təkləmək istəyirlər.

Bu, baş verməsin deyə, Türkiyə ilə siyasi və hərbi ittifaqımızı gücləndirməliyik. Başqa alternativimiz yoxdur.

O ki qaldı konfederativ birliyə, mən bunun qatı tərəfdarı olmasam da, müzakirələrin aparılması da mümkündür, bəlkə, həqiqətən, elə reallıqla formalaşa bilər ki, Azərbaycanla Türkiyənin konfederasiyası yarana bilər”, – deyə E.Şahinoğlu əlavə edib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan konfederasiyası təklifi ötən əsrin 90-cı illərində həm Türkiyə siyasiləri, həm də Azərbaycan siyasi xadimləri tərəfindən gündəmə gətirilib.

Konkret olaraq, sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə,  “İYİ PARTİ”nin lideri Meral Akşənər, Türkiyənin sabiq Baş Qərargah rəisi İlker Başbuğ, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, ALP sədri Əvəz Temirxan və digərləri bu təkliflə çıxış ediblər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com