İran tərəfi artıq Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində səyləri artıraraq Azərbaycanla razılığa gəlməyə maraqlı olduğunu bildirib.
Bu barədə ÇıxışYolu.Com-a İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamət üzrə perspektiv çox böyükdür və ölkələr arasında artıq ilkin razılıq əldə olunub.
“Bu layihəyə çoxdan başlamaq olardı, lakin Ruhani prezident seçilmədən əvvəl İranla Azərbaycan arasında ikitərəfli münasibətlər indiki kimi yaxşı deyildi. Müntəzəm olaraq mübahisələr yaranırdı, taktiki plan üzrə bir neçə məsələ həll olunurdu”, – ekspert qeyd edib.
Politoloq bildirib ki, hazırda tərəflərin Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə kimi formatlarda tərəfdaşlığı gücləndirmək imkanı var.
“Lakin ən əsası strateji səviyyədə dayanan siyasi dialoqdur. Məhz o, bizim iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsinə əsas yaradır”, – Abbasov vurğulayıb.
Politoloqun fikrincə, Yerevan Bakının iştirak etdiyi bütün qlobal proseslərə olduğu kimi, Ruhaninin də Azərbaycana səfərinə qısqanclıqla yanaşacaq.
“Region ölkələri – Gürcüstan, Türkiyə, Rusiya və İran artıq Ermənistanın işğalçı siyasətinə görə Azərbaycanın iştirak etdiyi möhtəşəm layihələrdən kənarda qalmasına öyrəşiblər. Buna görə, təəccüblü deyil ki, Yerevan indi də Ruhanin səfərinə qısqanclıqla yanaşır”, – Abbasov deyib.
Digər azərbaycanlı politoloq Elxan Şahinoğlu İran prezidentinin Azərbaycana səfərindən danışarkən bu hadisənin bütün region üçün vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas ölkəsidir.
“Bu dəhliz həm də İranın maraq dairəsindədir. Çünki İran bu marşrutla Avropa bazarlarına asan yol tapacaq. Həmçinin Avropa və Rusiya bunun əvəzində Azərbaycan və İran vasitəsi ilə Asiya bazarlarına çıxış əldə edəcək. Bu Fin körfəzinin Hind körfəzi ilə birləşməsi deməkdir”, – ekspert qeyd edib.
Politoloq bildirib ki, nəticədə Şimal-Cənub dəhlizi İranın regiondakı nüfuzunu daha da artıracaq.
“Əksər azərbaycanlı ekspertlərinin fikrincə, Ruhaninin Bakıya səfəri Şimal-Cənub layihəsinin tezləşdirilməsinə yönəlib”, – deyə Şahinoğlu yekulaşdırıb.