86185c06-a9f6-423e-a591-2ccf9dddb5f9.png

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Baxış sayı: 277 dəfə baxılıb.

Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq
etməkdə ittiham olunur.

“Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı
Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən
şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin
müstəntiqinin vəsatəti əsasında həbs edilib.

Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür
aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət
əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz
qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə “əl krediti”
formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri,
bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində
işləyənlərdir.

Maraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək
üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə
çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr
istintaqda deyiblər ki, Samirin yaşadığı evə gediblər və otaqlarda hərbi
formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir
sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə
36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin
əməllərini üzünə deyərək onu ifşa ediblər.

İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın
ziyan dəyib.

Source link