Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt
edilən torpaq sahəsi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və
dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə
bağlı məhkəmə çəkişməsi davam edir.
“Qaynarinfo”nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad
Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə
ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya
şikayətinə baxılıb.
Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.
Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da
məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına
rəsmiləşdirilməsidir.
Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində iki
hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi
Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə
dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə
ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda
müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon
Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov
apellyasiya şikayəti verib.
Məlumatlarda o da qeyd edilib ki, polkovnik-leytenant hüquqi müstəvidə
mübarizəsinin davam etdirməkdə israrlıdır.