26c66272-2d31-4891-b2af-866de0f49f2e..jpg

Pomidoru qəfil bahalaşdıran nədir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 566 dəfə baxılıb.

Pomidoru qəfil bahalaşdıran nədir? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Son günlər bazarlarda pomidor kəskin şəkildə bahalaşıb. Əvvəl kiloqramı 2-3
manata olan pomidor hazırda alıcılara 5-6 manata təklif olunur. Satıcılar
deyirlər ki, əvvəlki illərdə payızda pomidorun qiyməti heç vaxt belə olmayıb.
Hətta qışda belə “bundan ucuz olurdu” deyənlər də var. Bəs bu il nə baş verdi
ki, pomidor birdən-birə bu qədər bahalaşdı?

“Kaspi” qəzeti mövzu ilə
bağlı məqalə dərc edib.

Bahalaşma müvəqqətidir?

İqtisadçı Cəfər İbrahimli bahalaşmanı mövsüm ilə əlaqələndirir:

“Keçən ilin eyni dövrü ilə müqayisədə bu il qiymətlər həqiqətən çox yüksəkdir.
Azərbaycan pomidoru Rusiya bazarına ixrac olunur. Amma builki rəqəmlərə
baxdığımız zaman keçən ilin eyni dövrü ilə müqayisədə ixracda demək olar ki,
dəyişiklik yoxdur. Yəni məhsul xarici bazarlara getməyib. Daxildə qiymətin bu
cür dəyişməsi isə göstərir ki, bazara çıxan məhsul həddindən artıq azdır. Bunun
da az olmasının səbəbi açıq tarlada becərilən məhsulun azlığıdır. Böyük
ehtimalla istixanalardakı pomidorun bazara çıxmasında gecikmələr baş verib.
Bununla bağlı olaraq qiymətlər qısa müddətlik belə arta bilər. Burada başqa
səbəbin olması mümkün deyil”.

İnflyasiya səbəb deyil

C.İbrahimlinin fikrincə, inflyasiya olsa da, bu qədər qiymət artımına səbəb
ola bilməz: “Düzdür, keçən illə müqayisədə inflyasiya da müşahidə olunur.
Xərclərdə, maya dəyərində, məhsulun istehsalında, hər yerdə müəyyən qədər
qiymətlərin artımı görünür. Amma inflyasiya bu qədər kəskin qiymət dəyişməsinə
səbəb ola bilməz. İqtisadi olaraq bəlli bir dönəm üçün, mövsümlə əlaqədar
olaraq məhsul təchizatında azalma olduğunu düşünürəm”.

Bazara çıxış imkanları məhduddur

İqtisadçı Pərviz Heydərov isə dedi ki, bahalaşmada son vaxtlar havaların
yağmurlu keçməsi, bəzi regionlarda sellərin müşahidə olunması da rol oynaya
bilər. Amma bu, əsas faktor ola bilməz:

“Sentyabrın əvvəlində yağışlar çox oldu. Müəyyən təbii amillər də iş prosesinə
təsir etdi. Amma bu, o qədər də uzun müddət davam etmədi. “Haranısa sel suları
apardı, aqrar istehsal ilə məşğul olanların məhsulunu dolu, külək məhv etdi,
ona görə qıtlıq yaranıb”, – demək düzgün olmaz. Düzdür, yağışlar məhsuldarlığa
ziyan vurub, amma ölkədə elə irimiqyaslı bir təbii fəlakət baş verməyib. Ona
görə də bahalaşmanı sırf bununla əlaqələndirmək düzgün deyil. Həm də bu cür
təbiət hadisələri əvvəlki illərdə də baş verib. Amma belə qiymət artımı
müşahidə edilməyib. Bu məhsulun qiymətinin baha olmasına heç də qıtlıq, az
olması səbəb deyil. Səbəb sırf bazara çıxış imkanları ilə əlaqədardır”.

Ekspert qeyd etdi ki, fermerlər bu məhsulların bir qismini daxili bazarlara
verməkdə çətinlik çəkirlər:

“Hazırda bazarlara məhsul çıxarmaq əlçatan deyil. Fermerlərin əlində külli
miqdarda məhsul qalıb. Bazara çıxara bildiklərini də baha qiymətə satmağa
çalışırlar. Tələb və təklif nisbəti arasında problemlər ortaya çıxdığından
qiymətlərdə bu cür yüksəlmələr müşahidə olunur. Bu problemin gələcəkdə də davam
edəcəyi gözlənilir. Yaxşı olardı ki, hökumət bu subyektiv problemləri həll
etmək üçün müvafiq tədbirlər görsün”.

Kəskin bahalaşma olmayacaq

P.Heydərovun fikrincə, son bir aydır inflyasiya da yüksəlməyə başlayıb, bunun
da səbəbi enerji daşıyıcıları ilə bağlıdır: “Bahalaşma və ya ucuzlaşma haqqında
dəqiq fikir söyləmək mümkün deyil. Çünki inflyasiya son aylarda səngiyib. Amma
səngimə sürətli olduğu üçün yenidən bahalaşmanı müşahidə edə bilərik. Çünki bir
ara dünyada enerji daşıyıcılarının qiyməti ucuzlaşdı. Bu da dünyada ərzaq,
istehlak bazarında qiymətlərin aşağı düşməsinə şərait yaratdı. Amma son bir
aydır yenidən enerji qiymətləri yüksəlməyə başlayıb. Yəni, ucuzlaşma müşahidə
ediləcəyi gözlənilmir. İstixana pomidorlarına gəldikdə, qiymətin aşağı
düşəcəyini proqnoz etmək mümkün deyil. Bunu yalnız qarşıdakı aylarda görə
bilərik. Amma kəskin bahalaşma olacağını da söyləmək olmaz”.

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, bahalaşmanın müxtəlif səbəbləri ola
bilər. “Çox güman ya təchizatda problem var, ya da Rusiya bazarlarına daha çox
məhsul daşınır”, – deyə o bildirib.

Source link