POS-terminalları azaldan səbəblər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Azərbaycanda POS-terminalların sayında azalma müşahidə olunur. Nağdsız
ödənişlərin artırılması üçün müvafiq addımların atıldığı bir vaxtda bu azalma
müəyyən suallar doğurur. Ekspertlər bu azalmanı müxtəlif amillərlə
əlaqələndirirlər.
Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin
sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81
219 ədəd təşkil edib. Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən
ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır. Cari ilin sentyabr 1-nə ölkədə
mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər
xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu
POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir. Bəs
görəsən rəqəmsallaşan dünyada, nağdsız ödənişlərin artması lazım olan bir
zamanda POS-terminalların azalması nə ilə əlaqədardır?
Mövzuyla bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.
Azalma yaxşı hal deyil
İqtisadçı Eldəniz Əmirov düşünür ki, POS-terminalları azaldan səbəblərdən biri
rəqabət və paxıllığın olmasıdır: “Düşünürəm ki, bunun səbəbi müəyyən subyektiv
amillərlə əlaqəlidir. Azalmanın mənfi təsirləri çox böyükdür. Bir təsərrüfat
subyekti görəndə ki, qonşusu və ya rəqibi POS-terminallardan istifadə etmir,
artıq o da istifadə etməyəcək. POS-terminalların sayının azalması
rəqəmsallaşma, nağdsız ödənişlər, iqtisadiyyatın şəffaflaşdırılması,
ödənişlərin ağarması kimi prinsiplərə zidd göstəricidir”.
İqtisadçının sözlərinə görə, azalmanın qarşısının alınması üçün inzibati
nəzarət gücləndirilməli, qaydalar sərtləşdirilməli, heç bir halda güzəştə
gedilməməlidir.
Sahibkar pulu həmin gün hesabdan çəkə bilmir
İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, POS-terminal bəzi sahibkarlara
sərf etmədiyi üçün ondan istifadə etmirlər: “Düzdür, müəyyən sahibkarlar var
ki, post-terminal istifadə etmir. Bəziləri yalandan müştəriyə deyir ki, aparat
yoxdur və ya çalışmır. POS-terminalların azalmasının əsas səbəblərindən biri də
banklar tərəfindən müəyyən faizin tutulmasıdır. Sahibkar bir məhsulun üzərinə
nə qədər pul qoya bilər ki, hələ bir banka da faiz ödəsin? Bundan əlavə, həmin
vəsaitdən yeni məhsul da almalıdır. Digər tərəfdən, POS-terminalla olan
ödənişlərdə sahibkar pulu həmin gün hesabdan çəkə bilmir. Bu da təbii ki,
onlara sərf etmir. Digər tərəfdən, sahibkar nağd satış edir, alıcıya kassa çeki
vermir, vergidən yayınır”.
Bu sahədə dövlət nəzarəti olmalıdır
G.Hüseynovanın fikrincə, sahibkarlara nağd ödənişdənsə, kartla ödəniş daha
sərfəli edilməlidir: “Əslində bütün şərtlər sərfəli olsa, sahibkarlara da
maraqlı olardı. Çünki obyektdə pulun saxlanması, daşınması və digər hallar
çətindir. Misal üçün, Türkiyədə kartla ödəniş əksər mağazalarda nağd ödənişlərə
nisbətən daha sərfəlidir. POS-terminalın olması pul vəsaitlərinin tədavülü,
çəkilən xərcin azalmasına, bununla yanaşı, dövr surətinin artmasına səbəb olan
faktorlardandır”.
Ekspert qeyd etdi ki, sahibkarlara müəyyən güzəştlər tətbiq edilməlidir:
“Bəzən iqtisadçılar deyir ki, bu sahə artıq dövlətin nəzarətindən çıxsın,
tamamilə özəlləşsin. Amma mütləq, cüzi də olsa, dövlət nəzarəti olmalıdır.
Çünki dövlət büdcəsinin əsasını vergilər təşkil edir. Sahibkarın qazancı
olmadıqdan sonra vergini nə ilə ödəməlidir? Dövlət əslində sahibkarın vergi
verməsində maraqlı olmalıdır. Ona görə də bu sahəyə ciddi nəzarət lazımdır”.
Eyni obyektdə bir neçə POS-terminal
Millət vəkili Azər Badamov isə fərqli düşünür. Onun fikrincə, artıq
sahibkarlar obyektdə bir aparat saxlamaqla kifayətlənirlər: “Ticarət
müəssisələrində və xidmət sahələrində POS- terminalların quraşdırılması
şəffaflığın təmin olunmasına və vətəndaşların nağdsız ödəmələri rahat şəkildə
həyata keçirməsinə imkan verir. Vaxtilə sayda baş verən artım obyektlərdə
kütləvi POS-terminalların quraşdırılması ilə bağlı olub. Bu gün demək olar ki,
bütün obyektlər POS-terminallarla təchiz olunub. POS-terminalların azalmasında
əsas səbəb isə ticarət obyektləri və xidmət sahələrində bir neçə terminal
quraşdırılması ilə bağlıdır. Sahibkarlar POS-terminalla əməliyyatlar aparmağa
başlayandan sonra gördülər ki, eyni obyektdə bir neçə bankın POS-terminalının
saxlanılması məntiqsizdir. Çünki bu, əlavə xərc deməkdir. Ona görə də
sahibkarlar hər kassa aparatının yanında bir POS-terminal saxlamaqla
kifayətlənirlər. Proses nəticəsində əvvəl alınmış bir çox POS-terminallar
ixtisar edilir. Alıcıların ödəniş formasının seçimi azaddır. Nağdsız ödəniş
etmək istəyən alıcıya POS-terminalın təqdim olunmaması qanun pozuntusudur. Əgər
vətəndaşlar belə hallarla qarşılaşarsa, ilk növbədə müvafiq orqanın qaynar
xəttinə müraciət etməlidirlər”.