Premyer Liqa: “Neftçi” – “Kəpəz” oyununda VAR ofsayd xəttini əyri təqdim edib
– FOTO
Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilən “Neftçi” – “Kəpəz”
matçının sonunda mübahisəli hal qeydə alınıb.
Cixisyolu.com xəbər verir ki, son dəqiqələrdə “Neftçi” Yeqor Boqomolski ilə hesabda
önə keçsə də, qol oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb. Ofsaydla
bağlı VAR sistemindən təqdim olunan xəttin əyri olması ilə bağlı isə sosial
şəbəkələrdə iddialar irəli sürülüb.
Məsələ ilə bağlı apardığımız araşdırmalar təqdim edilən xəttin həqiqətən əyri
olduğunu üzə çıxarıb. Kompüter qrafikası ilə xətlər yenidən çəkilib və süni
intellektin təqdim etdiyi xətt əvvəlkilərdən fərqli olub.
Düzdür, bu, yenə də Boqomolskinin ofsaydda olmadığı anlamına gəlmir. Belaruslu
futbolçu həqiqətən oyundankənar vəziyyətdədir. Ancaq bu heç də VAR otağından
düzgün olmayan qrafik təsvirin təqdim olunmasını kompensasiya etmək üçün
kifayət deyil. Bu dəfə texniki səhv qərar yanlışlığına səbəb olmayıbsa, o demək
deyil ki, növbəti dəfələrdə də belə olacaq. Hakimlər bu məsələlərdə daha həssas
davranmalıdırlar.
Qeyd: Birinci fotoda epizodun yaşandığı bölgə üzrə ümumi qrafik təsvir yer
alıb. İkinci fotoda isə doğru alternativ xətt qeyd olunub.
Faiq Tahirov