Prezident Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Prezident Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Baxış sayı: 1. 855 dəfə baxılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, dövlətimizin başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini vurğulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirib.

Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin salamlarını dövlətimizin başçısına çatdırıb. Eyni zamanda, dövlətimizin başçısına yeni prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırıb. Günter Ottinger bundan əvvəl Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmnunluq hissi ilə xatırladıb.

Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirib və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd edib.

Bildirib ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək. Günter Ottinger əminliklə vurğulayıb ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidvarlıq ifadə olunub, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Jan-Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.

www.ÇıxışYolu.Com