Prezident: Azərbaycan İslam mədəniyyətini təbliğ edir

Prezident: Azərbaycan İslam mədəniyyətini təbliğ edir

Baxış sayı: 2. 142 dəfə baxılıb.

Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

“Azərbaycan öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub. 

İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan edib ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir.

Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilib. Bu Oyunlar sadəcə olaraq idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”.

Prezident qeyd edib ki, Naxçıvan artıq ikinci dəfə İslam Mədəniyyətinin Paytaxtı elan edilib.

“Bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan ikinci dəfədir ki, bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülüb. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir”.

www.ÇıxışYolu.Com