b8b3ead1-53e1-42ff-80ab-dd1d5f21ee06..jpg

Prezident: “Azərbaycanda milli məfkurəyə sadiq bir nəsil yetişib”

Baxış sayı: 4. 060 dəfə baxılıb.

Prezident: “Azərbaycanda milli məfkurəyə sadiq bir nəsil yetişib”

“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə
tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən
Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər
siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının
məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız
işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi
şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və
ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır”.

AZƏRTAC

xəbər verir ki, bunu Prezidentİlham Əliyev 2 fevral – Gənclər Günü
münasibətilə Azərbaycan gənclərinə ünvanladığı müraciətdə deyib.

Azərbaycan gənclərini 2 fevral – Gənclər Günü münasibətilə təbrik edən
dövlətimizin başçısı deyib:

“Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə
sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil
yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak
edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun
yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş
cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin
mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və
innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni
zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci
məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını
qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş
etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin
gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi
sevindirəcəkdir”.

Source link