4e76192c-47fa-4b3c-afe8-2c34b17533ce..jpg

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Baxış sayı: 2. 534 dəfə baxılıb.

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu
ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda
deyilir:

“Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın
bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və
diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları
qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə
etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin
qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət
siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz, haqlı olaraq, dünyada
konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik
mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət
hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və
dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz
ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq
borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və
tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət
duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram
münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə
xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Source link