0e3a9a12-068e-4ef1-adde-84a0aebd5dd1..jpg

Prezident İlham Əliyev Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib

Baxış sayı: 476 dəfə baxılıb.

Prezident İlham Əliyev Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini, bütün musiqisevərləri
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə təbrik edib.

President.az -ın xəbərinə görə,
təbrikdə deyilir:

“Bu mədəniyyət bayramı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən
hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə
ilə qeyd edilir.

Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq
simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq
artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır.

Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq
yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə
yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında
yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir.

Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin
vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin
emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi
xüsusiyyətidir.

Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük
şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və
dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırıb.

Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında
yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin
incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini
bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş
“Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək,
müəllifə dünya şöhrəti qazandırıb.

Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan
“Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi
ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur.

Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın
yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi
kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaq”.

Source link