Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini
qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Bakıda
Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini
qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-in Dubayda uğurla
keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx
Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və
səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə
görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq
münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif
səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd
olunub.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar
beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi
dəyərləndirilib.
Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi
sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı
göstəricisi olduğu bildirilib.
Sonra sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında
Birgə sərmayə çərçivə razılaşması imzalanıb.
Razılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş
Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri
layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və
Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi
imzalayıblar.