Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət
ünvanlayıb.
Cixisyolu.com AZƏRTAC
-a istinadən bildirir ki, müraciətdə deyilir:
“Hörmətli nazirlər,
Xanımlar və cənablar,
Mən sizi Bakıda keçirilən COP-öncəsi tədbirində salamlayıram.
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə
olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda
insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin
azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük.
Azərbaycan da su qıtlığı ilə də üzləşib.
Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz
milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi
prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə
həmrəylik ili” elan edib.
Zəngin külək və Günəş enerjisi potensialımız bizə bərpaolunan enerji
gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş
işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan
enerji mənbələrinə malikdir.
Azərbaycan, həmçinin, neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl
enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə
zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane
olmur.
Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə
kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri
ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.
Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi
etmək üçün namizədliyimizin irəli sürülməsi ilə nəticələndi.
Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan
inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və bütün
regionda ilk COP Azərbaycanda keçiriləcək.
İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz
üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament
üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29
Təşkilat Komitəsi Bakı COP tədbirinə hərtərəfli hazırlıq işlərinin görülməsini
təmin edir.
COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün
maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir,
çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını
dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb
olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu
dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm
də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstəyini
göstərir.
Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə BƏƏ, Azərbaycan və
Braziliya tərəfindən COP28, COP29 və COP30-un sədrləri qismində “İqlim
Troykası” təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su kimi bir sıra digər məsələlər
üzrə 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan
geosiyasi gərginlik fonunda “COP atəşkəs çağırışı” öz aktuallığını daha da
artırmış olur.
Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab
Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf
etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən
ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG)
razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb
edir.
COP29-un sədri olaraq nə Azərbaycan, nə də digər dövlət başqalarının adından
qərar qəbul edə bilər. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma
təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə
yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı
məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli
qeyri-rəsmi format rolunu oynaya bilər.
COP29-a hazırlığın son mərhələsinə daxil olduğumuz bir vaxtda, mən sizi
bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə
çağırıram. Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri olsa da, onlar fikir
ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və
ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya
kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə
haqqımız yoxdur.
Dəfələrlə vurğulandığı kimi, Bakı COP tədbiri çoxtərəflilik üçün həlledici
sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur
və Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı razılaşma əldə olunmalıdır.
Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın –
“Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm.
Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan
qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim
dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı
həyata keçirməkdən çəkindirə bilməz.
Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün
noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti
Sammitində dövlət və hökumət başçılarını salamlamağı arzulayıram.
Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin əldə olunması ilə nəticələnəcək
səmərəli müzakirələrin keçirilməsini arzulayıram”.