“Cənab prezidentin Cəbrayıl şəhərinə qayıdan sakinlərlə görüşündə
səsləndirdiyi fikirlər tək Azərbaycanı deyil, dünyanı maraqlandıran mövzular
kimi qiymətləndirilməlidir”.
Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, böyük dövlətlər kiçik gördüyü dövlətlərdən bir sıra hallarda
dostluq yolu ilə istifadə edir, lakin onlarla bağlı planları bitəndən sonra
soyuq münasibətlər sərgiləməyə başlayır:
“Bunlardan biri də ABŞ-nin Azərbaycanla bağlı münasibətləri mövzusudur. Çünki
ABŞ dünyanın əsas siyasi güclərindən biridir. Onun siyasətindən dünyada bir çox
məsələlər asılıdır.
Məsələn, ABŞ Əfqanıstanda apardığı siyasət zamanı Azərbaycandan logistik nöqtə
kimi istifadə edirdi. Amma Əfqanıstandan çıxandan sonra yenə də Azərbaycana
qarşı 907-ci düzəlişi bərpa etdi, yenə də Azərbaycana qarşı təhdidlər,
çağırışlar eşidilməkdədir. Bu isə heç də Azərbaycan-ABŞ münasibətlərinə müsbət
təsir göstərmir. Prezidentİlham Əliyev də haqlı olaraq bunların yolverilməz
olduğunu bir daha gündəmə gətirdi”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da Cixisyolu.com-a açıqlamasında Prezident
İlham Əliyevin Cəbrayıl Şəhər Günü münasibətilə yerli sakinlərlə görüşündə
vacib məqamlara toxunduğunu bildirib:
“Bu çıxış həm də bir növ Azərbaycanın gələcək milli strategiyası ilə və bu gün
dünyada baş verən təlatümlü hadisələr içərisində ölkəmizin təhlükəsizliyi,
xalqın birliyi, dövlətimizin hansı çətinliklərdən keçərək uğurlar qazanması və
bunların dayanıqlı olaraq qorunub saxlanması ilə bağlı idi”.
“Ölkə başçısı çıxışında həm də bir çox proseslərlə bağlı real ünvanları
göstərdi. Belə ki, Ermənistanın ərazilərimizi işğal etdiyi dövrdə Qərb
dairələrinin, xüsusən də ABŞ-nin riyakar siyasətini qeyd etdi və indiyə qədər
bu uzun müddətdə ABŞ, Fransa və digər ölkələrin Minsk qrupunun adı altında
münaqişənin ədalətli həllinə yox, onun dondurulmasına və hətta Ermənistanın
xeyrinə çalışdıqlarını söylədi. Ölkə başçısı ABŞ Konqresinin 60 senatının
Dövlət Departamentinə müraciətindən söz açdı və bütün çılpaqlığı ilə real
mənzərəni söylədi. Yəni bu müraciətin əslində elə Dövlət Departamentinin özündə
yazıldığını, dövlət katibi tərəfindən ötürüldüyünü və bir növ özlərindən
özlərinə məktublaşma məsələsini qeyd etdi. Təbii ki, bu, sözün əsl mənasında
tam reallığı əks etdirir”, – deyə deputat vurğulayıb.
O, qeyd edib ki, əraziləri işğal edilən, soyqırımına məruz qalan, torpaqları,
mədəniyyəti, sərvətləri talanan Azərbaycan olduğu halda, ABŞ məhz ölkəmizə
qarşı ədalətsiz davranıb:
“Məsələn, Əfqanıstandakı əməliyyatlar dövründə ABŞ-nin Azərbaycana ehtiyacı
olduğu üçün bu yanaşmadan əl çəkib, lakin oradan biabırcasına çıxandan sonra
yenidən qərəzli yanaşmasına davam edib. Bu, ABŞ-nin selektiv yanaşmasını,
riyakarlığını, qeyri-səmimi münasibətini əks etdirir. Ölkə başçısı da ABŞ-nin
bu ikiüzlü və riyakar siyasətini bütün çılpaqlığı ilə ortaya qoydu”.
Müsahibimiz Prezidentin Fransanın Ermənistanı silahlandırılması ilə bağlı
fikirlərinə də münasibət bildirib:
“Dövlət başçısı bu məsələnin ikili siyasət olduğunu qeyd etdi. Yəni bir yandan
sülhdən danışan Ermənistan, digər tərəfdən siyasi manipulyasiya ilə məşğuldur,
paralel olaraq da hücum silahları ilə silahlanır. Təbii olaraq ölkə başçısı
Ermənistana və onun arxasında duran marginal qüvvələrə öz müraciətini çatdırdı
ki, diqqətli olsunlar, Azərbaycanla zarafat etmək olmaz.
Təbii olaraq, Azərbaycan həm 44 gün ərzində qazandığı qələbə ilə, həm də 23
saatlıq antiterror tədbirləri ilə bütün dünyaya qüdrətli dövlət və güclü orduya
malik olduğunu göstərdi. Bu baxımdan, hər hansı bir təhdid və təhlükə hiss
edəriksə, yenidən heç nəyə baxmadan, heç kimlə hesablaşmadan, bu hüququmuzdan
istifadə edəcəyik. Bütün bu fikirlər sözün əsl mənasında Azərbaycanın dövlət
siyasətinin, ölkə başçısının bugünkü reallıqlara adekvat münasibətidir.
Azərbaycan bölgədə sülhü, tərəqqini tərənnüm edir. Lakin Ermənistan Vətən
müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmayıbsa, təbii ki, layiqli
cavabını hər an ala bilər və bu, həm Ermənistana, həm də Ermənistanın arxasında
dayanan məkrli planlar quran qüvvələrə də xəbərdarlıqdır. Artıq hər kəs
reallığı qəbul etməlidir. Getsinlər öz problemləri ilə məşğul olsunlar”.
“Azərbaycan bu gün sürətlə inkişaf edir, həm iqtisadi, həm siyasi, həm
regional, həm qlobal anlamda nüfuzlu ölkəyə çevrilir. Təbii olaraq bunu gözləri
götürməyən, Azərbaycanın müstəqil, milli maraqlara söykənən siyasətini qəbul
etməyən bu qüvvələr Ermənistanı yenidən eskalasiyaya meyilləndirməklə, yalnız
şərə xidmət edirlər. Ona görə də düşünürük ki, ölkə başçısının bu müraciəti
Ermənistan tərəfindən diqqətlə izləniləcək və ümid edirik ki, Ermənistan və
onun başında duran bu qüvvələr bundan nəticə çıxaracaqlar”, – deyə müsahibimiz
fikrini yekunlaşdırıb.
Mərahim Nəsib