Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini
qəbul edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın
ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil
Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah
Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah
əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını
dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.
Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı
əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni
istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar
sahələrdə müəyyənləşdirilməsinin zəruriliyini bildirib.
Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edən
Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında
ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğulayıb və bunu qardaşlıq
əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.
Dövlətimizin başçısı, eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsinin də
vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri,
biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə
biləcəyini deyib. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti
dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində
uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında
əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib, turizm,
ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.
Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda
səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox
xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.
Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini
əsirgəməcəyini bildirib.
Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq,
mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub,
birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi
əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması
məsələlərinə toxunulub.
14:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda
Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad
Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Bu barədə AZƏRTAC
xəbər verir.