1acc78ca-b412-4d8a-8082-10f831eb0067..jpg

Prezident İlham Əliyev Pakistan rəhbərliyini təbrik edib

Baxış sayı: 708 dəfə baxılıb.

Prezident İlham Əliyev Pakistan rəhbərliyini təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti
Asif Əli Zərdariyə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər
verir.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı −
Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf
etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər
üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi,
qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi
məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli
əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət
edərək onları bir-birinə daha da yaxınlaşdırır. Aramızdakı fəal siyasi dialoq
qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz
Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli
mövqeyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı,
əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra
da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.

Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti, həmçinin Pakistan İslam Respublikasının Baş naziri
Məhəmməd Şahbaz Şərifi də təbrik edib.

Məktubda qeyd olunur:

“Hörmətli cənab baş nazir, 23 mart – Pakistan Günü münasibətilə Sizi və qardaş
xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən
xoş arzularımı çatdırıram.

Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük
potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə
genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da
dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və
intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.

Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi
məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini
və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.

Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə,
humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı
şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq
Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli
əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da
dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam
etdirəcəyik.

Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.

Source link