65b35270-b815-42e3-a305-c877a2366858..jpg

Prezident İlham Əliyev Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir – YENİLƏNİB + FOTO

Baxış sayı: 573 dəfə baxılıb.

Prezident İlham Əliyev Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasında
iştirak edir – YENİLƏNİB + FOTO

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları
Şurasının iclası keçirilir.

AZƏRTAC

xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda
iştirak edən Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

08:38

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının
iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclas məhdud tərkibdə – yalnız liderlərin iştirakı
ilə, eləcə də geniş tərkibdə – nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır.
Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə
sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma
mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.

Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon,
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev iştirak edəcəklər.

Şuranın iclası “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında keçiriləcək.
İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində,
mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksəksəviyyəli xarici
qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində
keçirilir.

Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq
və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və
regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq,
ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.

İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət
yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin
qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın
gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və
MDB-nin baş katibi Sergey Lebedyev mətbuata bəyanatlarla çıxış edəcəklər.

İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının
yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun
maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin
formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla
mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası
sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də
var.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB
Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına
səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinlə görüşü olub. Görüşdə ölkələrimiz arasında
iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin
artmasından məmnunluq ifadə olunub.

Source link