Prezident İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin
iştirakçılarına müraciət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin
iştirakçılarına müraciət edib.
AZƏRTAC
-ın xəbərinə görə, müraciətdə deyilir:
Hörmətli xanımlar və cənablar!
Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradılmasının
30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə ürəkdən
salamlayıram.
Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası
tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı
keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış,
günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz
zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük
sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY
qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə
təqdirəlayiq xidmətlər göstərmişdir.
Məhz TÜRKSOY-un təşkilatçılığı və bilavasitə iştirakı ilə ənənəvi şəkil alan
layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları,
həmçinin türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin
və görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları
arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş və möhkəmlətmişdir. Təşkilat üzv
ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu gün də var
qüvvəsini əsirgəmir. Onun fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə
toplantılarında, dövlət və hökumət başçılarının birgə bəyannamələrində həmişə
yüksək qiymətləndirilmişdir.
Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi
irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş,
türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır.
Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək
səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100
illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY
Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz
göstəriciləridir.
Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi
dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni
uğurlar arzulayıram.