bd16554b-ba84-406e-a8e1-b2c834b78d61..jpg

Prezident İlham Əliyev ÜST-nin Avropa üzrə regional direktorunu qəbul edib – YENİLƏNİB

Baxış sayı: 599 dəfə baxılıb.

Prezident İlham Əliyev ÜST-nin Avropa üzrə regional direktorunu qəbul edib –
YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya
Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul
edib.

AZƏRTAC

xəbər verir ki, Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru
Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş edib.

Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham
Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox
yüksək qiymətləndirildiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri kimi
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun
2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın
vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına
və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirib.

Hans Henri Kluge Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək
göstərdiyini qeyd edib, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı
COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu
və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini
deyib.

Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir
mübadiləsi aparılıb.

Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-nin Bakı
ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ
bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə
çatdırıb.

Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-nin ölkəmizə göstərdiyi
dəstəyi yüksək qiymətləndirib, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi
80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində
COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin
həmrəyliyi ilə bağlı səylərimizdən danışıb.

Dövlətimizin başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə
yardım proqramlarını həyata keçirdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı
bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları
Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.

Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış
məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı
Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.

Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş
partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını
aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın
tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə
çatdırıb.

Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin
qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın
fəaliyyət göstərdiyini bildirib, gündəlik ehtiyacların ödənilməsi və qida
təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib.

Dövlətimizin başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də
tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu,
elektrik təchizatının həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev
vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası
proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin
təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə
ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi
dəstəklədiyi qeyd olunub.

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni
qəbul edib.

Bu barədə AZƏRTAC

xəbər verir.

Source link