Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış
ediblər – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı:
“Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür.
Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji
tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi
sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji
tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir,
eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda,
nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri
müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha
təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz
münasibətimizi bildirdik.
Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə
sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir
mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal
sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start
verilmişdir.
Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə
edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram
ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası”
adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına
da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış
strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa
məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8
milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın
ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin
sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql
edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda
istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl
gündəliyimiz də icra edilir və bir çox bərpa olunan külək və günəş enerjisi
stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və
təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində
aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün
Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı
Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün
bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl
işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda
Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması
Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi
məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni
zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən
“ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər
tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.
Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu,
cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir
çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir
ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında
qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir
vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun
fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso
birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya
xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin,
hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də
həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində
yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır,
yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya
səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.
Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş
keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaq”.
Sonra Slovakiyanın Baş naziri bəyanatla çıxış edib.
13:30
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
Bu barədə AZƏRTAC
məlumat yayıb.
13:09
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər.
Bu barədə AZƏRTAC
məlumat yayıb.