796f0f5e-0fc0-4f55-bb7b-3637a44f4a5f..jpg

Prezident İlham Əliyevin müsahibəsi: Dosta da, düşmənə də ismarışlar – ŞƏRH + FOTO

Baxış sayı: 606 dəfə baxılıb.

Prezident İlham Əliyevin müsahibəsi: Dosta da, düşmənə də ismarışlar – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının
dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra
istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona
rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var.

Əvvəllər olduğu kimi, rəsmi İrəvan Bakı ilə normallaşma prosesi istiqamətində
əməli addımlar atmaqdansa yenə mücərrəd, avantürist və spekulyativ açıqlamalar
verir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan yanvarın 10-da iddia edib
ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində müəyyən tənəzzül var.
Bununla belə, o, bir sıra digər sahələrdə müəyyən irəliləyiş gördüklərini də
bildirib. Yaxud Ermənistan parlamentinin Təhlükəsizlik məsələləri üzrə
komissiyasının sədri, hakim “Vətəndaş sazişi” Partiyasının nümayəndəsi Sarkis
Xandanyan söyləyib ki, guya rəsmi Bakı İrəvanla birbaşa danışıqlarla bağlı
təklif irəli sürməyib. Habelə, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryan deyib ki, təklifdə ölkəsinin ərazi bütövlüyünə
təminat məsələsi yoxdur, bu isə onların sülh sazişinin imzalanmasına,
bütövlükdə isə iki ölkə arasında normallaşma prosesinə maneədir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına iki saat
yarımlıq müsahibəsində ad çəkmədən Ermənistan rəsmilərinin bu və ya başqa
iddialarına cavab verib, yeni ismarışlar göndərib.

Dövlət başçısı 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror
tədbirlərindən sonra həm BMT-də, həm də Avropa İttifaqında Azərbaycana qarşı
sanksiyalar tətbiq ediləcəyinə, Bakının böyük təzyiqlər altına düşəcəyinə dair
Ermənistana vədlər verildiyini qeyd edərək deyib:

“Bu əməliyyat, bütün bu kommunikasiyalar Ermənistanda əminlik yaratdı ki,
onlar sülh müqaviləsini istədikləri kimi tərtib edə bilərlər və bizə də kimsə
təzyiq edib bizi də razı sala bilər. Məhz buna görə 70 gün ərzində bizim
təklifimizə, – çünki burada təkliflər mübadiləsi beş-altı dəfə gedib, mətnlər
göndərilir şərhlərlə, – cavab vermirdi”.

Prezident bununla Ermənistan hakimiyyətinin yenə prosesə deyil, kənar
qüvvələrə, havadarlarına fokuslandığını işarə edib: “Onu da bildirməliyəm ki,
biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra
göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər
göndərdilər. Yəni yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində
vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni mənim fərziyyəm tam
sübuta yetirilir”.

Dövlət başçısı bu ismarışı ilə İrəvanın sülh prosesində qeyri-ciddiliyini
ortaya qoyub.

Ermənistanın Bakının təkliflərinə cavabı iki aydan çox yubatması onun
havadarları ilə məsləhətləşmələr aparmasından, havadarları və erməni lobbisinin
əlaqələri ilə rəsmi Bakıya təzyiqlərin artırılacağına arxayınlıqdan irəli
gəlir. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə və havadarlarına
Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac
olmadığını da çatdırıb. O vurğulayıb ki, bu, iki suveren dövlət arasında
imzalanacaq sənəd olacaq: “Biz orada heç bir zəmanətçiyə ehtiyac duymuruq və
əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək
etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki,
məcburi olmasın”.

Ermənistan cəmiyyətinə yenə bir sıra havadarları boş vədlər verir, onu
Azərbaycana qarşı hazırlayırlar. Dövlət başçısının müsahibəsində səsləndirdiyi
fikirləri Fransa və Hindistan hakimiyyətlərinin İrəvanı silahlandırmasına, İran
rəsmilərinin Zəngəzur yoluna dair açıqlamalarına cavab da saymaq olar. Dövlət
başçısı Ermənistan rəhbərliyinə, beynəlxalq aktorlara bir dəqiqədə düyməyə
basıb, bu əməliyyatı keçirəcəyini, onların da heç nə edə bilməyəcəklərini açıq
şəkildə dediyini vurğulayıb: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab
edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün
də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə
davranmaq mümkün deyil”.

Zəngəzur yolu ilə bağlı açıqlamalar verənlərə, Ermənistanın ərazi bütövlüyü
ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb:
“Azərbaycandan-Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan
keçməlidir”. İlham Əliyev qeyd edib ki, əks halda Ermənistan əbədi dalan kimi
qalacaq: “Dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla
heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar
bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sərhəd, ərazi məsələsinə dair
iddiaları da cavablandırıb. O, Ermənistan hakimiyyəti və onun sponsorlarının
1970, 1975, 1990-cı illərin xəritələri ilə bağlı müxtəlif çıxışların açıq
şəkildə cavablandırıb: “Sirr deyil ki, XX əsrdə Azərbaycan torpaqları
hissə-hissə Ermənistana verilib. 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri
Ermənistana verildi. Halbuki, bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan
şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni
bu gün silinməkdə olan tarixi, görkəmi Azərbaycan memarlıq abidəsinin
mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir…”

Dövlət başçısı bununla da Azərbaycan Respublikasının xəritəsinə dair bəzi
dairələrin ortaya atmağa cəhd göstərdikləri mübahisələrə də aydınlıq gətirib.
Çünki Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir: “Azərbaycan Xalq
Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, – şərqi, qərbi yoxdur, – bütün
Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq
hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin
may ayında edilib. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana
verilirdi və təxminən 100 min kvadrat kilometrdən, – mən Azərbaycan Xalq
Cümhuriyyətinin ərazisini nəzərdə tuturam, – 86,6 min kvadrat kilometrə düşdü”.

Dövlət başçısı bu məsələdə Qriqoryanların və “Ermənistan plyus”ların ərazi
məsələsi ilə bağlı iddialarını da cavablandırıb. Prezident Ermənistanın
Azərbaycanla heç vaxt sərhəd çəkmədiyinə işarə edərək deyib: “Əgər o sərhəd
sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını
qoyaydı. O axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi
Ağdamdadır”.

Odur ki, respublikanın ərazisi ilə bağlı tarixi ədalətsizliyin aradan
qaldırılmasına yenidən baxılması məsələsi də gündəliyə çıxarılır.

Beləliklə, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və
sülh prosesinə sadiq qaldığını vurğulayıb, qaranlıq, ətrafında qalmaqal və şou
yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də
Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb.

“Report” İnformasiya Agentliyi

Source link