2827f723-9f1d-4515-a9df-692ee0af15f0..jpg

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə – FOTO

Baxış sayı: 364 dəfə baxılıb.

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin
inkişafında yeni səhifə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır.
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz
arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Rusiya
prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı
ulu öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm
xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın
əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq.

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun
olaraq sürətlə inkişaf etdirilir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə
uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı
əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtı ilə Azərbaycan və
Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin
özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha
da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr
1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın
Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından
sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf
etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən
əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il
iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında
Müqavilə”dir. 2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya dövlət
səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin
əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə
Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd
olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq
səviyyəsində inkişafını nümayiş etdirib.

Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını
uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin
genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan
Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan
əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri
Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına
verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra
Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək
səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın
kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran
2020-ci il 10 Noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci
il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən
imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında
tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar
əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni –
müttəfiqlik səviyyəsinə qaldırıb.

Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin dinamik inkişafını
təmin edir

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi
münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə
ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən
geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar
ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin
asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid
infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yükdaşımalarının
həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və
digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya
ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.
Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq,
ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə
arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o
cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin, Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44
faizdən çox olub.

Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin
reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın
Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq,
sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda
Rusiya kapitallı 1 400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə
yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan
iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın
olub.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası
forumlar da mühüm yer tutur. Bu platformanın önəmini yüksək dəyərləndirən
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun
iştirakçılarına müraciətində bildirib:

“Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm
töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta
yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin forum
çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu,
əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə
koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə
etməyə imkan verir. Forum Azərbaycan Respublikasının regionları ilə Rusiya
Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin
yaradılması üçün tələbat duyulan platformadır”.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla
davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında
“Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə
2024-26-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur.
Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16
min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin, 324
orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı
birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin
bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm
əsaslardan birini təşkil edir.

Baykal-Amur Magistralının 50 illik yubiley tədbiri: Ulu öndər Heydər Əliyevin
xatirəsinə yüksək ehtiramın daha bir ifadəsi

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Sovet
İttifaqında ən nəhəng tikintilərdən biri – ümummilli liderin adı ilə bağlı olan
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir
keçiriləcək. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi
komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna
xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə
göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.

Qeyd edək ki, 1969-82-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək
təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə bütün SSRİ məkanında
tanınan Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və noyabrın 24-də
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi həm də Azərbaycan
və Rusiya arasında dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşması
dövrünün başlanğıcı oldu. Dahi rəhbər sonralar fəaliyyətinin “Kreml beşilliyi”
adlandırdığı bu mərhələdə gördüyü işlərlə bütün SSRİ vətəndaşlarının, o
cümlədən rus xalqının sevimlisinə çevrildi. Məhz bu illərdə SSRİ-də ən mühüm və
çətin layihələrə rəhbərliyin bilavasitə ümummilli lider Heydər Əliyevə həvalə
olunması onun liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət
tapmasının göstəricisi idi.

Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı
(BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM
xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı
iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet
İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi
daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək,
yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə
müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin
təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində
hazırlanmışdı.

1974-cü ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun
tikintisi haqqında” qərar qəbul etdi və bu nəhəng layihənin icrasına
başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi,
Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin
texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb
oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Baykal-Amur Magistralının
həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet
İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni
ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi
ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu öndər sovet dövlətinin
magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi.
Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun
iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə
çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək
onun həyata keçməsinə nail oldu.

Belə nəhəng və mürəkkəb layihənin icra edilməsi, yəni Baykal-Amur
Magistralının tikintisinin başa çatdırılması üçün əsas olan məhz
yüksəkkeyfiyyətli idarəetmə sisteminin qurulması idi. Yüksək təşkilatçılıq
qabiliyyəti ilə tanınan ümummilli lider bu nəhəng layihənin idarəedilməsi
sistemini qura bilmişdi. Çox çətin şərtlərlə icra edilən 4 324 kilometr
uzunluğundakı BAM-ın tikintisində iki milyondan artıq insan iştirak edib, 2 230
körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya
Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq
Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə
də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və
balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki,
bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial
vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə
təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən,
ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər
yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib.
Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta
Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar.
Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr
uzadılacaq, yeni stansiyalar tikiləcək.

Bu nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş ulu öndər
Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Belə ki, 2008-ci il
iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya
stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, onun xatirə lövhəsi
açılıb. Rusiya rəsmiləri ulu öndər Heydər Əliyevin Baykal-Amur Magistralının
tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar. Onlar bu
magistralın tikintisi ilə bağlı verilən qərar sayəsində bu gün Rusiyadan Şərqə
yük daşındığını bildirirlər.

Bu bir daha göstərir ki, ideyalarını, müəllifi olduğu layihələri, eləcə də
rəhbərlik etdiyi işləri ən möhtəşəm nəticələrlə başa çatdıran ulu öndər Heydər
Əliyevin misilsiz xidmətləri milyonlarla insanın həyatında hiss olunur. Bu
xidmətlər milyonlarla insan tərəfindən dərin minnətdarlıqla xatırlanır. Bütün
çətinliklər, maneələr onu qurub-yaratmaq, öz ideyalarını, işlərini uğurla başa
çatdırmaq həvəsindən çəkindirə bilmirdi və ulu öndər uzaqgörənliyi,
fədakarlığı, cəsarəti, idarəçilik qabiliyyəti sayəsində daim bütün öhdəsindən
gəlirdi. SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini
işləmiş Nikolay Baybakovun ümummilli lider Heydər Əliyev haqqında fikirləri
bunu bir daha təsdiqləyir: “Biz BAM-ın tikintisinin gedişi barədə Siyasi Büroda
bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində
olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki,
birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə
əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi.
Ümumiyyətlə, o, prinsipial adam idi… Zənnimcə, təkcə Azərbaycanın deyil, həm
də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.

Xalqının ən çətin dövründə – Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi
qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə,
maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas
edib dinamik inkişaf yoluna çıxaran Heydər Əliyevin şah əsəri müasir müstəqil
Azərbaycandır. Bu gün Azərbaycan ulu öndərin ideyalarını uğurla davam və
inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.
Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və
davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu
prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident
İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Source link