Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət
mərkəzində olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş
müsahibəsi ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik
olan qəzet və portallarının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə”
telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin
imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv
siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Materiallarda diqqətə
çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə
hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını
söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar
prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb.
Azərbaycan Prezidentinin müsahibəsi BƏƏ-nin “Əl-Xalic”, Misirin “Əl Əhram” və
“Nile” qəzetlərində, həmçinin “Ən Nəşrə”, “Ər Rəy”, “Əl Cumhuria”, Londonda
ərəb dilində nəşr edilən “Independent Arabia” portallarında da işıqlandırılıb.
Məqalə və xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanla sülh
sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib, Parisi erməni
silahlı qüvvələrini silahlandırmaqda, regional sülhə əngəl törətməkdə ittiham
edib. Dövlət başçısı vurğulayıb ki, ötən il sentyabrın 20-si Azərbaycanın
müasir tarixində yeni eranın başlanğıcı olub, ölkə uzun fasilədən sonra öz
əraziləri üzərində tam suverenliyini bərpa edib. Prezident İlham Əliyev qeyd
edib ki, fevralın 7-də prezident seçkisi ilk dəfə Azərbaycanın bütün
ərazilərində keçiriləcək.