1d8ce41c-1c82-410c-a054-8dac763686cf..jpg

Prezident MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

Baxış sayı: 464 dəfə baxılıb.

Prezident MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının
iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin
Baş Prokurorlarının Əlaqələndirmə Şurasının sentyabrın 15-də Bakıda keçirilən
33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

President.az -ın xəbərinə görə,
müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları! Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB)
iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı
şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram.

Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi
istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində
təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi
mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi
hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq
orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və
möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.

Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və
siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional
təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının
qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq
hüquq-mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin
zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o
cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri,
korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət
növlərinin qarşısının alınmasını tələb edir.

Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya
verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə
imkan verəcək.

Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə
Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı
qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin
birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə
təkan verəcək.

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.

Source link