Prezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Prezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub –
YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax
Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə
tanış olub.

AZƏRTAC

xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin
başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait
barədə məlumat verib.

Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə
yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250
azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Səfərəli
bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli
Qori Seminariyasını bitiriblər.

1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər
Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax
Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana
köçürülməsini Firudin bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər
Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə
etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər
Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu
məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının
iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər
Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150
illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının
bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa
işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika
Azərbaycan Cəmiyyəti cəlb olunublar. Seminariya binasının tarixi əhəmiyyətli
obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari
il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax
Mərkəzində Firudin bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.

Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin
oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-23-cü
tədris ilində mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir.
Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda
33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu
bitirib. 2023-24-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı,
dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç
ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, mərkəzdə ümumilikdə 127 tələbə
təhsil alacaq.

Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər
üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı
həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş
müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA
Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb
olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb
direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından
dörd nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq
fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini
gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin
təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani
təcrübə əlaqəsi yaratmaqdır.

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin
təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr
ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Hazırda mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA
Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq
Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə mərkəzin tədris kompleksində
Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan
Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi
əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

Məlumat verilib ki, mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və
müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili
planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-20-ci illərdə nəşr olunmuş
“Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası
həyata keçirilir.

ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli
əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax
xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması
nəzərdə tutulur. Bura, həmçinin, kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin
keçirilməsi üçün ideal məkandır.

09:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax
Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə
tanış olub.

Bu barədə AZƏRTAC

məlumat verib.

Source link