Prezident seçkisində namizədlərin hansı hüquqları var?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində prezidentliyə
namizədliyi qeydə alınmış yeddi nəfər iştirak edəcək. Hər bir namizədə
qanunvericiliklə əhatə olunan bütün hüquq və imtiyazlar tanınır.
Prezident seçkisində namizədliyi qeydə alınan namizədlərə seçkiqabağı təşviqat
aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc
üçün yer ayrılacaq. Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılan media
subyektləri aşağıdakılardır:
– İctimai Televiziya və Radio Yayımları Şirkəti;
– “Azərbaycan” qəzeti;
– “Xalq qəzeti”;
– “Respublika” qəzeti;
– “Bakinskiy raboçi” qəzeti.
Secki-2024.az saytı xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınmış
şəxslərə tanınan hüquqlar təkcə ödənişsiz təşviqatla məhdudlaşmır. Bu məsələlər
Seçki Məcəlləsində yer alır. Məsələn, məcəllənin 184-cü maddəsi prezidentliyə
namizədin nəqliyyat xərclərinin ödənilməsi hallarını da əhatə edir.
Həmin maddənin 1-ci bəndində göstərilir ki, prezidentliyə namizəd qeydə
alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan
ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və
sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək
hüququna malikdir.
Eyni maddənin 2-ci bəndində qeyd olunur ki, ölkə ərazisində göstərilən
nəqliyyatdakı gediş-gəliş xərcləri MSK tərəfindən seçkilərin hazırlanması və
keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş
sənədləri əsasında ödənilir.
Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş üçün
nəzərdə tutulan xərclər ödənilir.
Seçki Məcəlləsinin 185-ci maddəsində isə prezidentliyə namizədin
toxunulmazlığı və təhlükəsizliyi məsələləri yer alıb. Belə ki, qeydə alınmış
prezidentliyə namizədin təhlükəsizliyi MSK-nın müəyyən etdiyi qaydada təmin
edilir.
Qeydə alınmış prezidentliyə namizəd bu məcəllənin 70.4-cü maddəsində
göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə
məsuliyyətə cəlb edilə bilər.
Məcəllənin 186-cı maddəsinə əsasən, prezidentliyə namizədin 50-yə qədər vəkili
ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə
alınır. Digər hüquq prezidentliyə namizədlərin seçki fondları ilə əlaqədardır.
Seçki Məcəlləsinin 191-ci maddəsinə görə, prezidentliyə namizədin seçki
fondunun yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə
namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
– Prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi
vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən
prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi
partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına
formalaşır);
– Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi
vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.
Prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin
siyahısı da açıqlanıb. SiyahıMSK saytında
bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.
Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi
mümkündür.