76b30668-467b-4848-bbcd-6415c4279a6b..jpg

Prezident tapşırıq verdi: Zakir Həsənov Komando Dağ Təlim Mərkəzində – FOTO/VİDEO

Baxış sayı: 675 dəfə baxılıb.

Prezident tapşırıq verdi: Zakir Həsənov Komando Dağ Təlim Mərkəzində –
FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik
Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini
ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs
kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu”nun gedişatı ilə tanış
olub.

Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış
məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər
fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə
əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi,
döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də liderlik keyfiyyətlərinin
artırılmasına yönəldilir.

Məşğələləri izlədikdən sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə
görüşüb, onların qayğıları ilə maraqlanıb.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq
Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də
həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının
hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata
keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş
qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları
məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi
texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları
öyrədilir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı,
Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün
dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi
istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb
ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan
gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Məşğələləri izlədikdən sonra mərkəzdə yeni istifadəyə verilən tibb
məntəqəsinə gələn müdafiə nazirinə məruzə edilib ki, müasir tələblərə cavab
verən məntəqədə hərbi qulluqçuların sağlamlıqlarının təmin olunması, onlara
ilkin yardımın göstərilərək ehtiyac olduğu təqdirdə hospitala təxliyə edilməsi
üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində qəbul-diaqnostika otağı,
palatalar, eləcə də inzibati otaqlar mövcuddur.

Daha sonra general-polkovnik Z.Həsənov çöl çıxışında olan kursantların səhra
düşərgəsinə baxış keçirib. Düşərgədə şəxsi heyətin qalması, qidalanması və
asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri kursa cəlb olunan heyətə keçirilən dərslərin daha dərindən
öyrənilməsi və onların gələcəkdə əsl hərbi mütəxəssis kimi yetişməsi üçün öz
tövsiyələrini verib.

Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətin döyüş hazırlığının artırılması
məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.


Source link